Avropa İttifaqı Çin mallarına yeni məhdudiyyətlər hazırlayır

Avropa İttifaqı Çin mallarına yeni

Avropa İttifaqı Çinlə artan ticarət kəsirini azaltmaq və yerli sənayeni xarici rəqabətdən qorumaq məqsədilə bir sıra məhsulların idxalına yeni məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Kimya məhsulları, mebel və sənaye avadanlıqları da daxil olmaqla, strateji əhəmiyyətli sahələrdə Çin mallarına qarşı mühafizə tədbirlərinin görülməsi nəzərdən keçirilir.

Bloomberg agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, yeni mexanizmlər idxal kvotaları və ya gömrük rüsumları formasında tətbiq oluna bilər. Müvafiq tədbirlərin 2027-ci ilin birinci rübündə təqdim edilməsi gözlənilir.

Avropa Komissiyası Çin istehsalı olan avtomobillərlə bağlı razılaşdırılmış mexanizmi digər sənaye sahələrinə də genişləndirməyi nəzərdən keçirir.

Məlumata görə, Brüssel və Pekin Çin istehsalı olan hibrid avtomobillərin Avropa bazarına idxalının illik 350 min ədədlə məhdudlaşdırılması barədə razılığa gəliblər. Bu kvota tərəflər arasında ticarət gərginliyini daha da artırmadan idxala nəzarət etmək üçün kompromis variantı kimi qiymətləndirilir.

Avropa Komissiyasının yaxın həftələrdə hibrid avtomobillər üzrə kvota mexanizmini rəsmən təqdim etməsi və onun dekabrda qüvvəyə minməsi nəzərdə tutulur. Tədbirlərin dörd il müddətində tətbiqi, birinci ildən sonra isə Çin üçün kvotanın hər il 6% artırılması planlaşdırılır.

Oxşar tənzimləmə mexanizminin Yaponiya və Cənubi Koreyadan idxal olunan avtomobillərə də şamil edilməsi nəzərdə tutulur.

Aİ-nin yeni ticarət strategiyasının əsas səbəblərindən biri Çinlə ticarət balansında yaranmış böyük fərqdir. Ötən il İttifaqın Çinlə ticarət kəsiri 360 milyard avroya, yaxud təxminən 404 milyard dollara yüksəlib.

Bu göstərici gündəlik hesabla 1 milyard dollardan artıq ticarət kəsiri deməkdir.

Avropa tərəfi hesab edir ki, aşağı qiymətlərlə təklif olunan və bəzi hallarda dövlət subsidiyaları hesabına rəqabət üstünlüyü qazanan Çin məhsulları yerli istehsalçılar üçün ciddi təzyiq yaradır. Bu vəziyyət Avropa sənayesinin rəqabət qabiliyyətini zəiflətməklə yanaşı, məşğulluq üçün də risklər formalaşdırır.

Hibrid avtomobillərlə bağlı razılaşmadan əvvəl, sentyabr ayında Çinin Avropaya ixracının tarixi maksimuma çatdığı bildirilir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sənaye sektorunun müdafiə tədbirləri tələb etdiyini vurğulayaraq bildirib: “Sənaye sahələrimiz bizdən addım atmağı tələb edirdi və biz onları eşitdik. Biz, o cümlədən yeni mühafizə tədbirləri ilə cavab verəcəyik”.

Hazırlanan mexanizmlərin əsas xüsusiyyətlərindən biri onların birtərəfli qaydada tətbiq oluna bilməsidir. Aİ daxilində müəyyən məhsulların idxalında kəskin artım baş verdiyi təqdirdə Brüssel Çinlə əvvəlcədən razılaşma əldə etmədən kvota və ya tarif kvotaları tətbiq edə bilər.

Bu tədbirlərin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına uyğun hazırlanması nəzərdə tutulur. Məhdudiyyətlərin yalnız Çinlə məhdudlaşmayaraq Avropa İqtisadi Zonasına daxil olmayan digər ölkələrə də şamil edilməsi mümkündür.

Avropa İttifaqının planları Çinin narazılığına səbəb olub. Çin Ticarət Nazirliyi Brüsseli xəbərdar edərək bildirib ki, Aİ təzyiq yolu ilə üstünlük əldə edəcəyini düşünməməli, Pekinin öz maraqlarını qorumaq iradəsini və imkanlarını düzgün qiymətləndirməlidir.

Bu açıqlama tərəflər arasında ticarət münasibətlərinin daha da gərginləşə biləcəyinə dair narahatlıqları artırıb.

Avropa Komissiyası dekabrın ortalarınadək tədarük zəncirlərinin şaxələndirilməsi mexanizmini və aqressiv ticarət addımlarına sürətli reaksiya alətini təqdim etməyi planlaşdırır.

Yeni alətin məqsədi vahid bazara daxil olan ayrı-ayrı mal və xidmətlərin girişini mövcud mexanizmlərlə müqayisədə daha çevik şəkildə məhdudlaşdırmaqdır.

Bununla yanaşı, Aİ və Çin arasında danışıqların davam etdirilməsi də gündəmdə qalır. Aİ-nin ticarət komissarı Maroş Şefçoviçin gələn ilin əvvəlində çinli həmkarları ilə danışıqların növbəti mərhələsini keçirməsi gözlənilir.

Mümkün qarşılıqlı güzəştlər çərçivəsində Pekinin avtomobil komponentləri, zeytun yağı və dondurma üzrə rüsumları azaltması müzakirə olunur. Brüssel isə Çin bazarına Avropa şirkətlərinin daha geniş çıxışını, həmçinin kritik minerallar və daimi maqnitlərin ixracı prosedurlarının sadələşdirilməsini istəyir.

Avropa İttifaqı bir tərəfdən Çin mallarına qarşı müdafiə mexanizmlərini genişləndirməyə, digər tərəfdən isə ticarət danışıqları vasitəsilə qarşılıqlı güzəştlər əldə etməyə çalışır. Bu siyasətin nəticəsi yaxın dövrdə dünyanın iki böyük iqtisadi gücü arasında ticarət münasibətlərinin istiqamətinə ciddi təsir göstərə bilər.

MONETAR.AZ