Bu gün müasir iqtisadi nəzəriyyənin əsasını qoyan alimin ildönümüdür

Bu gün müasir iqtisadi nəzəriyyənin əsasını qoyan

İqtisad elminin klassik nümayəndələrindən biri hesab olunan Adam Smit müasir bazar iqtisadiyyatı və kapitalizm nəzəriyyəsinin formalaşmasına mühüm töhfə verib. Şotland əsilli filosof və iqtisadçı iqtisadi proseslərin təbii qanunauyğunluqlar əsasında inkişaf etdiyini müdafiə edib və bu istiqamətdə irəli sürdüyü fikirlər bu gün də aktuallığını qoruyur.

1723-cü ildə Şotlandiyanın Kirkkaldi şəhərində anadan olan Adam Smit Qlazqo Universitetində əxlaq fəlsəfəsi üzrə təhsil alıb, daha sonra həmin ali məktəbdə professor kimi fəaliyyət göstərib. Elmi fəaliyyətində iqtisadiyyat, hüquq, əxlaq və dövlət idarəçiliyi ilə bağlı məsələləri araşdırıb.

Onun 1776-cı ildə nəşr olunan "Xalqların sərvəti" əsəri iqtisad elminin əsas mənbələrindən biri sayılır. Əsərdə müəllif bazar iqtisadiyyatının fəaliyyət mexanizmini izah edərək "görünməz əl" konsepsiyasını irəli sürüb. Bu yanaşmaya görə, fərdlər şəxsi maraqlarını həyata keçirərkən rəqabət və bazar mexanizmləri vasitəsilə cəmiyyətin ümumi rifahına da töhfə verirlər.

Adam Smit əmək bölgüsü və ixtisaslaşmanın istehsalın səmərəliliyini artırdığını da vurğulayıb. O hesab edirdi ki, işçilərin müəyyən sahələr üzrə ixtisaslaşması məhsuldarlığın yüksəlməsinə və iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır.

İqtisadçı azad bazar münasibətlərini dəstəkləsə də, inhisarçılığın mənfi nəticələr doğurduğunu bildirirdi. Onun fikrincə, rəqabət mühiti qiymətlərin tarazlaşmasına, istehsalın genişlənməsinə və istehlakçıların maraqlarının qorunmasına xidmət edir.

Adam Smit kapital anlayışına da xüsusi yer ayıraraq onu sabit və dəyişən kapitala bölüb. O, kapital yığımının qənaət hesabına formalaşdığını və ölkənin iqtisadi inkişafında əsas amillərdən biri olduğunu qeyd edib.

1790-cı il iyulun 17-də Edinburqda vəfat edən Adam Smit iqtisadi fikir tarixində ən nüfuzlu alimlərdən biri kimi qəbul edilir. Onun irəli sürdüyü nəzəriyyələr müasir iqtisadi siyasətin və bazar iqtisadiyyatı modelinin formalaşmasına mühüm təsir göstərib.

MONETAR.AZ