Çin pərakəndə satış dövriyyəsini 8,85 trilyon dollara çatdırmağı hədəfləyir

Çin pərakəndə satış dövriyyəsini 8,85 trilyon dollara

Çin hökuməti daxili istehlakın genişləndirilməsi və əhalinin gəlirlərinin artırılması məqsədilə yeni beşillik inkişaf planını açıqlayıb. Sənədə əsasən, ölkədə pərakəndə satış dövriyyəsinin 2030-cu ilədək təxminən 60 trilyon yuana (8,85 trilyon dollar) çatdırılması nəzərdə tutulur.

Dövlət Şurası tərəfindən təsdiqlənən strategiya Çinin tarixində istehlakın stimullaşdırılmasına birbaşa hədəflənmiş ilk beşillik plan hesab olunur. Hökumət daxili tələbatı iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevirməyi və ev təsərrüfatlarının istehlak xərclərinin iqtisadiyyatda payını artırmağı qarşıya məqsəd qoyub.

Plan çərçivəsində yaşlılara qulluq, məktəbəqədər təhsil, səhiyyə, mədəniyyət, turizm, idman və təhsil kimi xidmət sahələrində istehlakın genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, turizm sektorunun inkişafını dəstəkləmək üçün daha çox ölkə ilə vizasız gediş-gəliş rejiminin tətbiqi, eləcə də Avropa, ABŞ və "Bir qurşaq, bir yol" təşəbbüsündə iştirak edən ölkələrə yeni birbaşa aviareyslərin açılması planlaşdırılır.

Pekin rəqəmsal iqtisadiyyat və yeni texnologiyalar əsasında formalaşan istehlak modellərinin inkişafına da xüsusi diqqət ayıracaq. Bunlara süni intellektə əsaslanan xidmətlər, "yaşıl" istehlak, təəssürat yönümlü xidmətlər və ölkəyə gələn turistlərin xərclərinin artırılması daxildir.

Sənədə əsasən, hökumət məşğulluğun genişləndirilməsi, əməkhaqlarının artırılması, əmlak gəlirlərinin yüksəldilməsi, sosial təminat sisteminin təkmilləşdirilməsi və dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması hesabına əhalinin alıcılıq qabiliyyətini artırmağı planlaşdırır.

Bundan əlavə, avtomobil və mənzil alışına, eləcə də əyləncə tədbirlərinin təşkili ilə bağlı tətbiq olunan əsassız inzibati məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılması nəzərdə tutulur.

Plana görə, gələcək büdcə və fiskal siyasət daha çox istehlakçıların birbaşa rifahına, həyat səviyyəsinin yüksəldilməsinə və istehlakı dəstəkləyən infrastruktur layihələrinə yönəldiləcək. Bu addımların Çin iqtisadiyyatının ixrac və investisiyalardan asılılığını azaltmaqla daxili tələbatın rolunu gücləndirəcəyi gözlənilir.

MONETAR.AZ