Hindistan hökuməti ölkədə yarımkeçirici sənayesinin inkişafını sürətləndirmək məqsədilə yeni maliyyə dəstəyi paketini təsdiqləyib. Qərar strateji texnologiya istehsalının genişləndirilməsi və elektronika sektorunun gücləndirilməsi hədəflərinə xidmət edir.
Hindistanın İnformasiya Texnologiyaları naziri Aşvini Vaişnav bildirib ki, Nazirlər Kabineti yarımkeçirici sənayesinin inkişafı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 1,28 trilyon rupi (təxminən 13,3 milyard ABŞ dolları) ayrılmasını təsdiqləyib.
Nazirin sözlərinə görə, hökumət bununla yanaşı, ölkədə mobil telefon istehsalının dəstəklənməsi məqsədilə əlavə 625 milyard rupi ayrılması barədə də qərar qəbul edib.
Yeni maliyyələşdirmə paketi Hindistanda artıq icra olunan yarımkeçirici sənayesinin inkişafı proqramının əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Hökumət bu addımla ölkənin yüksək texnologiyalar sahəsində istehsal imkanlarını artırmağı, qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi və xarici investisiyaların cəlbini sürətləndirməyi hədəfləyir.
MONETAR.AZ