Cənubi Koreya hökuməti və texnologiya nəhəngi "Samsung Electronics" ölkə tarixinə keçə biləcək ən böyük korporativ böhranlardan birini önləmək üçün hərəkətə keçib. Baş nazir Kim Min Sok bəyan edib ki, rəsmi Seul milli iqtisadiyyatı qorumaq məqsədilə 21 may tarixinə planlaşdırılan kütləvi tətilin qarşısını almaq üçün qanunvericilikdəki bütün mexanizmlərdən istifadə edəcək.
Böhrandan çıxış yolu tapmaq üçün rəhbərlik, hökumət rəsmiləri və təxminən 45 min işçini təmsil edən həmkarlar ittifaqı 18 mayda "son şans" danışıqlarına başlayır.
Baş nazir Kim Min Sokun xəbərdarlığı Samsung-un Cənubi Koreya üçün sadəcə bir şirkət deyil, iqtisadiyyatın onurğa sütunu olduğunu bir daha ortaya qoyur. Yarımkeçirici (çip) istehsalı zavodlarında konveyerin hətta bir günlük dayanması 1 trilyon von (təxminən 668 milyon dollar) birbaşa zərərə yol açacaq. "Samsung Electronics" təkbaşına Cənubi Koreyanın ümumi ixrac həcminin 22,8%-ni təmin edir.
Şirkətin birbaşa 120 mindən çox əməkdaşı var. Bundan əlavə, onun istehsal zəncirinə bağlı olan 1,7 mindən çox podratçı və təchizatçı şirkət mövcuddur ki, tətil bu müəssisələrin də fəaliyyətini zəncirvari şəkildə iflic edə bilər.
Hökumətin "Fövqəladə" Planı: Baş nazir bildirib ki, hökumət lazım gələrsə "Fövqəladə Vasitəçilik" mexanizmini işə salacaq. Bu hüquqi alət dövlətə imkan verir ki, təbii fəlakət və ya ağır iqtisadi təhlükə zamanı tətili qanunla müvəqqəti dondursun və işçiləri məcburi surətdə iş masasına qaytarsın.
Münaqişənin kökündə süni intellekt (AI) bumu sayəsində şirkətin qazandığı rekord mənfəətin bölüşdürülməsi dayanır. Yalnız 2026-cı ilin I rübündə Samsung-un əməliyyat mənfəəti qlobal çip tələbi sayəsində 38 milyard dollara çatıb.
İşçilər rəhbərliyə verilən böyük bonusların şəffaf şəkildə açıqlanmasını, sıravi işçilərə qoyulan mükafat limitlərinin ləğvini və illik əməliyyat mənfəətinin 15%-nin (proqnozlara görə illik təxminən 25–30 milyard dollar) birbaşa işçilər arasında bonus olaraq paylanmasını tələb edir.
: Samsung-un ölkə daxilindəki ən böyük rəqibi SK Hynix şirkətinin öz 35 min əməkdaşına ilin yekununda orta hesabla 400 min dollar bonus verməyə razılaşması Samsung işçilərinin geri addım atmamaq əzmini daha da gücləndirib. (Qeyd: SK Hynix-in bu ilki əməliyyat mənfəətinin 170 milyard dollar olacağı gözlənilir).
Gərginliyin pik həddə çatması fonunda, mayın 16-da "Samsung Electronics" idarə heyətinin sədri Li Çje En (Jay Y. Lee) xalqa və tərəfdaşlara müraciət edərək daxili böhrana görə üzr istəyib: “Daxili problemlərimiz səbəbindən yaranmış narahatlığa görə müştərilərdən və dünya ictimaiyyətindən səmimi şəkildə üzr istəyirəm.”
Ekspertlər hesab edirlər ki, 18 may danışıqlarından kompromis qərar çıxmasa, qlobal süni intellekt və texnologiya bazarı ciddi tədarük böhranı və çip qıtlığı dalğası ilə üz-üzə qala bilər.
MONETAR.AZ