“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti balansında olan 5 aktiv üzrə borcların tələb hüquqlarını müsabiqə yolu ilə satışa çıxarır. Satışa təqdim edilən tələb hüquqlarından dördünün qiyməti manatla, birinin qiyməti isə 12,547 milyon ABŞ dolları ilə müəyyən edilib.
Monetar.az xəbər verir ki, müsabiqəyə çıxarılan aktivlər arasında “Solid Consulting LTD” şirkətinin 16 milyon manat, “Kavkasis Betoni 2007” şirkətinin 14 milyon manat və “Nevskiy Torqovıy Dom” MMC-nin 14,39 milyon manat məbləğində borcu üzrə tələb hüquqları var.
Bundan başqa, “Riyad Farm” MMC-nin borcu üzrə tələb hüququ 830 min manata, “United Textiles” FZE-nin borcu üzrə tələb hüququ isə 12 milyon 547 min ABŞ dollarına satışa çıxarılıb. İlk üç manatlıq aktiv və “Nevskiy Torqovıy Dom” üzrə tələb hüquqları ikinci müsabiqədə, “United Textiles” üzrə tələb hüququ isə ilkin satış qiyməti ilə təqdim olunur.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 19 noyabr 2026-cı il saat 10:00-dan 16 dekabr saat 17:00-dək müraciət edə bilərlər. Qalib 21 dekabr 2026-cı il saat 11:30-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçiriləcək müsabiqədə müəyyən ediləcək.
İştirakçılar hər bir aktiv üzrə elan olunmuş ilkin satış dəyərinin 0,5 faizi həcmində beh ödəməlidirlər. Təklif olunan qiymət rəqəmlə və Azərbaycan dilində sözlə göstərilməli, imzalanmış qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim olunmalıdır.
Müsabiqənin qalibi aktivin dəyərini 30 bank günü ərzində tam ödəmək barədə yazılı zəmanət verməlidir. Qalib hər hansı səbəbdən aktivi almaqdan imtina edərsə, ödədiyi beh geri qaytarılmayacaq.