"UBS" bu gün müştərilərinə bildirib ki, uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyində son dövrlərdə müşahidə olunan artım investorların bu kağızları saxlamaq üçün daha yüksək risk mükafatı tələb etməsindən deyil, mərkəzi bankların faiz dərəcələri ilə bağlı gözləntilərin yenidən qiymətləndirilməsindən qaynaqlanır. Bankın fikrincə, bunun ən aydın nümunəsi avrozonadır.
"Uzunmüddətli istiqraz gəlirliliyinin davamlı artımı bəzən investorların dövlət borcunu uzun müddət saxlamağa görə daha yüksək kompensasiya tələb etməsinin sübutu kimi qiymətləndirilir. Biz hesab etmirik ki, bunun tam izahı məhz budur", — deyə "UBS"in strateqi Mustafa Oğuz Caylan bildirib.
Bank qeyd edib ki, avrozonada 10 illik Almaniya dövlət istiqrazlarının ("Bund") gəlirliliyində əks olunan real müddət mükafatı (term premium) demək olar ki, dəyişməyib.
Əvəzində gəlirliliyin artımı əsasən növbəti on il ərzində real qısamüddətli faiz dərəcələrinin daha yüksək olacağına dair uzunmüddətli gözləntilərin güclənməsi ilə izah olunur.
"UBS" özünün "DeepSpeak" əhval-ruhiyyə təhlili alətinə istinadən bildirib ki, mart ayından etibarən Avropa Mərkəzi Bankı (AMB) rəsmilərinin ritorikasında ən ciddi dəyişiklik faiz dərəcələri və inflyasiya ilə bağlı olub.
"Ritorikadakı bu sərt mövqe real faiz dərəcələri üzrə gözləntilərin yüksəlməsində əsas rol oynayıb. Eyni zamanda, görünür ki, bu amil ABŞ-dən qaynaqlanan və avrozonada müddət mükafatlarına yuxarı istiqamətli təzyiq göstərən təsiri qismən kompensasiya edib", — deyə Caylan bildirib. Onun sözlərinə görə, investorlar AMB-nin məhdudlaşdırıcı pul-kredit siyasətini daha uzun müddət davam etdirməyə hazır olduğuna getdikcə daha çox inanırlar.
İnvestisiya strategiyasına gəldikdə isə, "UBS" iqtisadi artımın hələ də dayanıqlı olduğunu nəzərə alaraq, 2027-ci ildə AMB-nin siyasəti daha da sərtləşdirəcəyi ilə bağlı bazar gözləntilərinə qarşı mövqe tutmağa tələsmədiyini bildirib. Bank faiz dərəcələrinin 28 baza bəndi artırılmasını nəzərdə tutan mövcud bazar qiymətləndirməsini hələlik məntiqli hesab edir.
Bununla yanaşı, "UBS" qeyd edib ki, neft qiymətlərinin sabitləşəcəyi təqdirdə gəlirlilik əyrisinin yatıqlaşmasına (flattening) yönəlmiş investisiya strategiyalarında cəlbedici imkanlar yaranır.