Azad edilmiş ərazilərin bərpasına 26 milyard manat ayrılıb

Azad edilmiş ərazilərin bərpasına

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması məqsədilə 2020–2026-cı illərdə dövlət büdcəsindən təxminən 26 milyard manat vəsait yönəldilib. Növbəti mərhələdə əsas hədəf Böyük Qayıdışın iqtisadi əsaslarını gücləndirmək, istehsalın həcmini və məşğulluq imkanlarını artırmaqdır.

Bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında indiyədək 60 sahibkarlıq subyekti qeydiyyata alınıb. Həmin sənaye parklarında təxminən 3 milyard manat dəyərində məhsul istehsal edilib. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə özəl sektor tərəfindən 1300-dən çox layihə həyata keçirilir.

Elvin Camalov investisiya cəlbinə də toxunaraq bildirib ki, cari ilin sentyabrında keçirilən İkinci Beynəlxalq İnvestisiya Forumunda 23 investisiya sənədi imzalanıb.

Aparat rəhbərinin qeyd etdiyinə görə, iki beynəlxalq investisiya forumu çərçivəsində imzalanan müqavilələrin ümumi dəyəri 20 milyard dolları ötüb.

Azad edilmiş ərazilərdə bərpa və infrastruktur quruculuğu ilə yanaşı, istehsalın genişləndirilməsi, özəl sektor layihələrinin artırılması və yeni iş yerlərinin yaradılması Böyük Qayıdışın iqtisadi gündəliyində əsas istiqamətlər kimi önə çıxır.