Azərbaycanda bu sığorta növləri üzrə şirkətlər ödəniş etməyib

Azərbaycanda bu sığorta növləri üzrə

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda bir sıra sığorta növləri üzrə sığorta haqları toplansa da, həmin növlər üzrə sığorta ödənişləri qeydə alınmayıb.

Monetar.az-ın məlumatına görə, Azərbaycan Respublikası Mərkəzi Bankının sığorta bazarına dair operativ məlumatlarında könüllü və icbari sığortanın bəzi sinifləri üzrə ödənişlərin sıfır olduğu göstərilib.

Belə ki, könüllü sığortalar üzrə su nəqliyyatı vasitələrinin sığortası üzrə 7,742 milyon manat sığorta haqqı toplansa da, sığorta ödənişi həyata keçirilməyib.

Bundan başqa, əmlakın sığortası ilə bağlı digər siniflər üzrə 149 min manat sığorta haqqı qeydə alınıb. Bu məbləğin 67 min manatı işçilərin dələduzluğu, 82 min manatı isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta üzrə toplanıb. Hər iki istiqamət üzrə sığorta ödənişi olmayıb.

Ödəniş qeydə alınmayan digər könüllü sığorta növləri arasında işəgötürənin məsuliyyət sığortası və yük daşıyanın mülki məsuliyyətinin sığortası da yer alıb. Birinci növ üzrə 456 min manat, ikinci növ üzrə isə 55 min manat sığorta haqqı toplanıb.

Eyni zamanda, su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə 165 min manat sığorta haqqı qeydə alınsa da, ödəniş həyata keçirilməyib. Dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə isə nə sığorta haqqı, nə də sığorta ödənişi qeydə alınıb.

İcbari sığorta növləri üzrə də ödənişsiz istiqamətlər mövcuddur. Belə ki, digər icbari sığorta növləri üzrə 20 min manat sığorta haqqı toplansa da, sığorta ödənişi qeydə alınmayıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 1 milyard 248,5 milyon manat sığorta haqqı toplanıb, 882,7 milyon manat sığorta ödənişi həyata keçirilib.