Banklar 9 ayda 1 milyard manat xalis mənfəət əldə edib

Banklar 9 ayda 1 milyard manat

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 1 milyard 81,8 milyon manat təşkil edib.

Monetar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının bank sektoruna dair açıqladığı göstəricilərdə bildirilir.

Məlumata əsasən, bankların hesabat dövründə əməliyyat mənfəəti 1 milyard 697,2 milyon manat olub. Eyni zamanda, banklar 9 ay ərzində dövlət büdcəsinə ümumilikdə 270,8 milyon manat mənfəət vergisi ödəyiblər.

Sentyabrın sonuna ölkədə fəaliyyət göstərən 21 bankın cəmi aktivləri 63 milyard 621,7 milyon manat, cəmi öhdəlikləri 55 milyard 783 milyon manat, balans kapitalı isə 7 milyard 838,7 milyon manat təşkil edib.

Sentyabr ayında bankların aktivləri 1,8%, öhdəlikləri 1,9%, balans kapitalı isə 1,1% artıb.