Bank sektorunda "deepfake" təhlükəsi: Səs klonlama ilə milyonlar oğurlanır

Bank sektorunda "deepfake" təhlükəsi:

ABŞ Federal Təhqiqat Bürosu (FBI) banklar və iri korporasiyalar üçün süni intellekt əsaslı yeni fırıldaqçılıq riskləri ilə bağlı xəbərdarlıq yayıb. Bildirilir ki, cinayətkarlar generativ AI texnologiyalarından istifadə edərək şirkət rəhbərlərinin səsini və görüntüsünü təqlid edir və bu yolla maliyyə əməliyyatlarını manipulyasiya edirlər.

Məlumata görə, bu üsulla saxta “təcili pul köçürməsi” əmrləri hazırlanır və bank əməkdaşları aldadılaraq böyük məbləğlərin köçürülməsinə razı salınır. FBI-nın hesabatında qeyd olunur ki, belə cinayətlərin sayı son 6 ay ərzində 300 faiz artıb.

Araşdırmalar göstərir ki, deepfake texnologiyası ilə yaradılan səs klonları getdikcə daha real görünür və ənənəvi təhlükəsizlik sistemlərini aşmaq qabiliyyətinə malik olur. Bu vəziyyət bank sektorunda ciddi narahatlıq yaradıb.

Artan risklər fonunda bir çox beynəlxalq maliyyə qurumu biometrik səs identifikasiyası sistemlərindən imtina etməyə başlayıb. Onların əvəzinə daha güclü çoxmərhələli autentifikasiya və əlavə təsdiqləmə prosedurları tətbiq olunur.

FBI rəsmiləri bildirir ki, maliyyə institutları xüsusilə daxili təsdiq mexanizmlərini sərtləşdirməli və insan faktoru üzərində yoxlamaları gücləndirməlidirlər. Əks halda, böyük maliyyə itkiləri qaçılmaz ola bilər.

Qurum həmçinin xəbərdarlıq edir ki, deepfake əsaslı fırıldaqçılıq gələcəkdə daha geniş yayılaraq qlobal maliyyə sistemləri üçün ciddi təhlükəyə çevrilə bilər.

MONETAR.AZ