Mərkəzi bankların faiz dərəcələri ilə bağlı qərarları haqqında xəbərlərdə tez-tez "şahin mövqeyi" və ya "göyərçin siqnalı" ifadələrinə rast gəlinir. Bu terminlər pul-kredit siyasətində fərqli yanaşmaları ifadə edir və onların mahiyyətini anlamaq əmanətlər, kreditlər, investisiyalar və valyuta məzənnələri ilə bağlı qərarları daha düzgün qiymətləndirməyə kömək edir.
"Şahin" və "göyərçin" anlayışları ilk dəfə hərbi-siyasi leksikada yaranıb. Vyetnam müharibəsi dövründə sərt tədbirlərin tərəfdarları "şahinlər", diplomatik həll yolu istəyənlər isə "göyərçinlər" adlandırılırdı. Sonradan bu ifadələr iqtisadiyyata keçərək mərkəzi bankların pul-kredit siyasətini xarakterizə edən terminlərə çevrilib.
"Şahin" siyasəti?
"Şahin" mövqeyi inflyasiyanın cilovlanmasına üstünlük verir. Bu siyasətin əsas aləti uçot (əsas) faiz dərəcəsinin artırılmasıdır.
Faiz dərəcəsi yüksəldikdə banklar üçün maliyyə resursları bahalaşır, kreditlər daha yüksək faizlə verilir, əhali və biznesin borclanması azalır. Nəticədə istehlak və investisiya tələbi zəifləyir, inflyasiya təzyiqləri azalır.
Lakin bu siyasət iqtisadi artımın yavaşımasına da səbəb ola bilər. Çünki bahalı kreditlər şirkətlərin investisiya imkanlarını və əhalinin xərclərini məhdudlaşdırır.
"Göyərçin" siyasəti?
"Göyərçin" yanaşması isə iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə üstünlük verir. Bu məqsədlə mərkəzi banklar əsas faiz dərəcəsini aşağı salır, bəzi hallarda isə iqtisadiyyata əlavə likvidlik vermək üçün qiymətli kağızların alınması kimi stimullaşdırıcı tədbirlər həyata keçirirlər.
Faizlərin azalması kreditləri ucuzlaşdırır, istehlak və investisiyalar artır, iqtisadi fəallıq güclənir. Bununla belə, uzun müddət davam edən yumşaq pul siyasəti inflyasiyanın sürətlənməsinə və milli valyutanın zəifləməsinə səbəb ola bilər.
Mərkəzi bankların mövqeyini necə müəyyən etmək olar?
Mütəxəssislər bildirirlər ki, təkcə faiz qərarına deyil, həm də mərkəzi bank rəhbərliyinin bəyanatlarına diqqət yetirmək lazımdır.
"Şahin" ritorikasında adətən "inflyasiya riskləri", "pul-kredit siyasətinin sərtləşdirilməsi", "sərt maliyyə şərtlərinin qorunması" kimi ifadələr yer alır.
"Göyərçin" mövqeyində isə "iqtisadi artımın dəstəklənməsi", "pul-kredit siyasətinin yumşaldılması", "faiz dərəcəsinin endirilməsi imkanı" kimi mesajlar üstünlük təşkil edir.
Bəzi hallarda isə mərkəzi bank neytral mövqe nümayiş etdirərək faiz dərəcəsini dəyişmir və növbəti qərarların iqtisadi göstəricilərdən asılı olacağını bildirir.
Bu, əhali üçün nə deməkdir?
"Şahin" siyasəti dövründə bank əmanətləri üzrə faizlər adətən yüksəlir, lakin ipoteka və istehlak kreditləri bahalaşır. Səhmlər bazarında təzyiq artır, istiqrazların gəlirliliyi yüksəlir.
"Göyərçin" siyasəti zamanı isə əks proses baş verir. Kreditlər ucuzlaşır, iqtisadi fəallıq artır, səhmlər üçün daha əlverişli şərait yaranır, lakin əmanətlər üzrə gəlirlilik azalır.
İqtisadçılar vurğulayırlar ki, "şahin" və "göyərçin" daimi xüsusiyyət deyil. Eyni mərkəzi bank inflyasiya yüksəldikdə sərt siyasətə, iqtisadiyyatın dəstəyə ehtiyacı olduqda isə yumşaq siyasətə keçə bilər. Buna görə də bazar iştirakçıları yalnız faiz qərarlarını deyil, mərkəzi bankın verdiyi siqnalları da diqqətlə izləyirlər.
MONETAR.AZ