ABŞ Prezident Administrasiyası qlobal yanacaq qiymətlərini aşağı salmaq məqsədilə Fransa və Almaniyadan fövqəladə dizel ehtiyatlarını bazara çıxarmağa başlamalarını istəyib.
Reuters agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Vaşinqton Avropa ölkələrinə xəbərdarlıq edib ki, bu addım atılmadığı təqdirdə ABŞ dizel ixracına qadağa qoymaq məcburiyyətində qala bilər.
Mənbələrdən birinin sözlərinə görə, oktyabrın 1-də Avropa Komissiyası, Almaniya, Fransa, İtaliya, İrlandiya və Böyük Britaniyanın nümayəndələri telefon danışığı zamanı fövqəladə yanacaq ehtiyatlarının bazara çıxarılması imkanlarını müzakirə ediblər.
Digər mənbə isə bildirib ki, Vaşinqton Avropa İttifaqından altı ay ərzində 120 milyon barel dizel yanacağını ehtiyatlardan çıxararaq bazara yönəltməyi xahiş edib.
Reuters qeyd edir ki, Rusiya yanacağından imtina edilməsi və Yaxın Şərqdən tədarüklərin pozulması Avropa ölkələrinin ABŞ yanacağından asılılığını artırıb.
Bu şəraitdə Vaşinqton qlobal dizel bazarında qiymət təzyiqini azaltmaq üçün Avropanın strateji ehtiyatlarından istifadə etməsini istəyir.
Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində ölkə daxilində yanacaq qiymətlərini aşağı salmaq məqsədilə dizel ixracına qadağa qoyulması imkanını da nəzərdən keçirir.
Belə bir qadağanın tətbiqi isə ABŞ-dan dizel tədarükündən asılı olan Avropa bazarında əlavə təzyiq yarada bilər.
MONETAR.AZ