SOCAR Xəzər dənizində ilk dəfə “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla başa çatdırıb.
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azneft”in istismar etdiyi yataqda aparılan tədqiqat 247,6 kvadratkilometr ərazini əhatə edib.
Tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar yatağın geoloji quruluşunun daha ətraflı öyrənilməsinə imkan verəcək. Yeni məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların xüsusiyyətlərinin daha dəqiq müəyyənləşdirilməsinə, həmçinin yatağın geoloji modelinin təkmilləşdirilməsinə şərait yaradacaq.
Əldə olunan nəticələr gələcək qazma hədəflərinin daha dəqiq müəyyənləşdirilməsi üçün də istifadə olunacaq.
Layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi baxımından əhəmiyyətli hesab olunur. Eyni zamanda, uzun müddətdir istismarda olan yataqların gələcək potensialının müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.
