Rusiya 2026-cı ilin ilk yarısında Misirə kömür ixracını əhəmiyyətli dərəcədə artırıb. Vedomosti qəzetinin Argus agentliyinin məlumatlarına istinadən verdiyi xəbərə görə, yanvar–iyun aylarında Rusiyadan Misirə kömür tədarükü illik müqayisədə 2,6 dəfə artaraq 1,3 milyon tona çatıb.
Ekspertlərin qiymətləndirməsinə görə, rusiyalı tədarükçülərin Misir bazarında mövqelərini gücləndirməsinin əsas səbəblərindən biri daha əlverişli qiymət təklif etmələridir. Bu, Rusiya şirkətlərinə ABŞ tədarükçüləri ilə rəqabəti artırmağa imkan verib.
ABŞ-dan Misirə kömür ixracı isə ilin ilk altı ayında 24 faiz azalaraq 1,4 milyon tona düşüb.
Beləliklə, yanvar ayına olan məlumatlara görə, Misirin kömür idxalında Rusiyanın payı 46 faizə yüksəlib, ABŞ-ın payı isə 50 faizə enib.
Rusiya şirkətləri digər Afrika bazarlarında da ixracı genişləndiriblər. Birinci yarımildə Rusiyadan Seneqala kömür tədarükü 4 dəfə artaraq 440 min tona çatıb.
Seneqal bazarında Rusiya kömürü Cənubi Afrika Respublikası (CAR) ilə rəqabət aparır. Eyni dövrdə CAR-dan Seneqala kömür tədarükü 23 faiz azalaraq 320 min ton təşkil edib.
2024-cü ildən böhran yaşayan qlobal kömür bazarında bu il ilk bərpa əlamətləri müşahidə olunur. Dünya kömür kotirovkalarının çoxillik maksimumları yeniləməsi Rusiya ixracının və hasilatının artmasına stimul verib.
Bu proses Rusiya kömür sənayesinin maliyyə göstəricilərinə də müəyyən müsbət təsir göstərir.
Bazarda vəziyyətin dəyişməsinin əsas səbəblərindən biri isə təklifin qeyri-sabitləşməsidir. Qəzalar və Yaxın Şərqdə davam edən münaqişə fonunda təchizatla bağlı risklərin artması kömür qiymətlərinə və qlobal ticarət axınlarına təsir göstərir.
MONETAR.AZ