"Bloomberg"in qiymətləndirməsinə görə, Asiya qlobal dizel yanacağı bazarında yaranan təklif çatışmazlığına Avropadan daha hazırlıqlı vəziyyətdədir. Bununla yanaşı, ABŞ administrasiyasının dizel ixracına məhdudiyyətlər tətbiq etmə imkanını nəzərdən keçirməsi qlobal bazarda təklifin daha da azalması riskini artırır.
"General Index" məlumatlarının təhlili göstərir ki, Şimal-Qərbi Avropaya tədarük olunan spot dizel partiyalarının qiyməti Asiyanın əsas neft emalı və ticarət mərkəzi olan Sinqapurla müqayisədə əhəmiyyətli dərəcədə bahalaşıb.
Yükdaşıma xərcləri nəzərə alınmaqla, iki region arasındakı qiymət fərqi sentyabrın əvvəlindən orta hesabla 174 dollar/ton təşkil edib. May ayında isə bu fərq cəmi 27 dollar olub.
Nəqliyyat, kənd təsərrüfatı texnikası və sənayedə geniş istifadə olunan dizel yanacağı Yaxın Şərqdəki altı aylıq münaqişənin fonunda ciddi təklif çatışmazlığı ilə üzləşib.
Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına (NEZ) hücumlarının artması Moskvanın uzunmüddətli yanacaq ixracı məhdudiyyətləri tətbiq etməsinə səbəb olub. Bu da beynəlxalq bazarda dizel təklifinə əlavə təzyiq yaradıb.
ABŞ-da yanacaq qiymətlərinin rekord səviyyələrə yüksəlməsi fonunda ölkədən dizel ixracının məhdudlaşdırılması məsələsi də müzakirə olunur. Analitiklər xəbərdarlıq edirlər ki, belə bir addım xüsusilə Avropada dizelin qiymətinin daha da kəskin artmasına səbəb ola bilər.
Asiya ölkələrində vəziyyət nisbətən fərqlidir. Bölgənin neft emalı şirkətləri yaxın aylar üçün lazım olan xammalın böyük hissəsini artıq təmin ediblər. Bu səbəbdən Fars körfəzində gəmiçiliklə bağlı problemlər davam etsə belə, neft emalı və dizel istehsalının davam etdirilməsi mümkün olacaq.
Hindistan xarici dizel müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcəyini açıqlayıb. Böyük dizel ixracatçılarından biri olan Çin isə Yaxın Şərqdə münaqişənin başlanğıcında tətbiq etdiyi bəzi məhdudiyyətləri yumşaldıb. Yaponiyanın da dizel ixracını bərpa edə biləcəyi bildirilir.
Sparta Commodities SA-nın baş analitiki Cun Qo bildirib ki, Asiyada neft emalı zavodlarının mövcud yüklənmə səviyyəsi və xammalın əlçatanlığı nəzərə alındıqda, dizel tədarükü ilə bağlı ciddi problem müşahidə olunmur.
Onun sözlərinə görə, ABŞ dizel ixracını həqiqətən məhdudlaşdırsa belə, Asiya böyük ehtimalla Avropanın dizel tədarükünün bir hissəsini təmin edə bilər.
MONETAR.AZ