Tramp ABŞ-da hava hərəkətinə nəzarət sisteminin yenilənməsi üçün 50 milyard dollar tələb edir
ABŞ Prezidenti Donald Tramp ölkə üzrə uçuşların müvəqqəti dayandırılmasına səbəb olan rabitə nasazlığından sonra hava hərəkətinə nəzarət sisteminin yenilənməsi üçün Konqresi maliyyələşməni təcili təsdiqləməyə çağırıb. Layihənin həyata keçirilməsi üçün 50 milyard dollar vəsait ayrılması tələb olunur.
Monetar.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında paylaşım edərək Konqresin lazımi maliyyəni təsdiqləməsi halında sistemin sürətli və səmərəli şəkildə yenilənə biləcəyini bildirib.
ABŞ Prezidenti mövcud hava hərəkətinə nəzarət şəbəkəsinin böyük hissəsinin təxminən 50 il əvvəl qurulduğunu və kompleks şəkildə yenilənməsinə ehtiyac olduğunu vurğulayıb. O, sistemin uzun illər ərzində yenilənməməsinə görə keçmiş prezident Co Bayden administrasiyasını məsul tutub.
Noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava hərəkətinə nəzarət mərkəzlərinə təsir edən rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün hava limanlarında uçuşların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
FAA bildirib ki, telekommunikasiya sistemində yaranan müvəqqəti kəsinti səbəbindən uçuşların dayandırılması təhlükəsizlik məqsədi daşıyıb.
FlightAware uçuş izləmə xidmətinin məlumatlarına görə, hadisə nəticəsində ABŞ-da 10 mindən çox uçuş gecikib, 1 mindən çox uçuş isə ləğv edilib.
ABŞ-ın nəqliyyat naziri Şon Daffi də ölkənin köhnəlmiş infrastrukturunun bu cür problemlərə səbəb olduğunu bildirib. O, hava hərəkətinə nəzarət sisteminin yenilənməsi üçün Konqresdən 50 milyard dollar maliyyə ayrılmasını istəyib.