2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda maliyyə sektoru nəzərə alınmadan depozit portfeli 12,1% artaraq 42,4 milyard manata çatıb.
Monetar.az Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadən bildirir ki, hesabat dövründə müddətli depozitlərin həcmi 15% artaraq sentyabrın sonuna 18,4 milyard manat, cari depozitlərin həcmi isə 10% artaraq 24 milyard manat təşkil edib.
Sentyabr ayının sonuna hüquqi şəxslərin ümumi depozitləri ötən ilin sonu ilə müqayisədə 11,9% artaraq 23,5 milyard manata yüksəlib. Bu depozitlərin 71,7%-ni cari hesablar, 28,3%-ni isə müddətli depozitlər təşkil edib.
Fiziki şəxslərin depozitlərində də artım qeydə alınıb. Belə ki, əhalinin ümumi depozitləri ötən ilin sonuna nisbətən 12,3% artaraq 18,8 milyard manata çatıb. Fiziki şəxslərin depozit portfelində müddətli əmanətlərin payı 62,3%, cari hesabların payı isə 37,7% olub.
Hesabat dövründə depozitlərin dollarlaşma səviyyəsinin azalması prosesi də davam edib. Sentyabrın sonunda manatla depozitlərin həcmi 28,1 milyard manat, xarici valyutada olan depozitlərin manat ekvivalentində həcmi isə 14,3 milyard manat təşkil edib.
Fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi hesabat dövründə 2,7 faiz bəndi azalaraq 28,1%-ə enib. Rezident fiziki şəxslər üzrə isə bu göstərici 2,3 faiz bəndi azalaraq 25,7% təşkil edib.
