“Godox” şirkəti ənənəvi ekranı əvəz edən şəffaf vizoru ilə seçilən C100 kompakt rəqəmsal kamerasını təqdim edib. Bu barədə “4PDA” portalı məlumat yayıb.
Şəffaf panel işığın yarıdan çoxunu ötürərək istifadəçiyə obyektivin qarşısındakı səhnəni birbaşa görməyə imkan verir. Eyni zamanda, görüntünün üzərində çəkilişin əsas parametrləri, o cümlədən iş rejimi, akkumulyatorun doldurulma səviyyəsi, ekspozisiya və 1:1, 3:2, 4:3, eləcə də 16:9 tərəf nisbətləri üçün kadrolaşdırma torları əks olunur.
Cihaz, həmçinin kadrın mərkəzi hissəsindəki işıqlanma səviyyəsini ölçən quraşdırılmış eksponometrlə (işıqölçən) təchiz edilib. Bu xüsusiyyət sayəsində kameradan yalnız rəqəmsal çəkiliş üçün deyil, həm də lentli fotoaparatlarla işləyərkən xarici eksponometr kimi istifadə etmək mümkündür.
“Godox C100” modelinin çəkisi cəmi 65 qramdır. Məlumatların saxlanılması üçün həcmi 128 QB-dək olan microSD yaddaş kartı dəstəklənir. Faylların smartfonlara ötürülməsi OTG funksiyasını dəstəkləyən USB Type-C 2.0 portu vasitəsilə həyata keçirilir. Modeldə Wi-Fi və Bluetooth modulları nəzərdə tutulmayıb. Tam doldurulmuş akkumulyatorla fasiləsiz işləmə müddəti 1,5 saatdan çoxdur.
Çin bazarında “Godox C100” kamerasının qiyməti 199 yuan (təxminən 47 AZN) təşkil edir. Modelin Çindən kənarda satışa çıxarılacağı tarix hələ açıqlanmayıb.