Nvidia "Hugging Face" platformasını 12,93 milyard dollara satın alıb

Nvidia "Hugging Face" platformasını 12,93 milyard dollara

"Nvidia" açıq mənbəli süni intellektin hazırlanması üzrə aparıcı platformalardan biri olan "Hugging Face"in 12,93 milyard dollara satın alınmasına dair yekun razılaşma əldə edib. Sövdələşmə "Nvidia"nın hesablama infrastrukturu və qlobal miqyasını süni intellekt inkişafı üzrə ən böyük açıq ekosistemlərdən biri ilə birləşdirir.

Hazırda "Hugging Face" platformasından 18 milyondan çox tərtibatçı, tədqiqatçı və kontent yaradıcısı istifadə edir. Platforma 200 mindən artıq təşkilatda süni intellekt həllərinin hazırlanması və tətbiqini dəstəkləyir. Burada 3 milyondan çox süni intellekt modeli, 500 mindən artıq məlumat dəsti (dataset) və 1 milyon tətbiq yerləşdirilib.

Ekosistemin neytrallığı ilə bağlı narahatlıqlara cavab olaraq "Nvidia"nın baş icraçı direktoru Censen Huanq bildirib ki, "Hugging Face" öz brendi altında fəaliyyət göstərən açıq və çoxbuludlu (multi-cloud) platforma olaraq qalacaq. Onun sözlərinə görə, istifadəçilər istədikləri freymvorku, bulud provayderini, inferens mühərrikini və aparat təminatını sərbəst seçə biləcəklər. Platformada model hazırlamaq və ya tətbiq etmək üçün "Nvidia"nın hesablama resurslarından istifadə məcburi olmayacaq.

"İnsanlar birlikdə yarada bildikdə süni intellekt daha sürətlə inkişaf edir", — deyə Huanq bildirib. Onun sözlərinə görə, "Nvidia" platformanın açıq ekosistemini qorumaqla yanaşı, öz infrastrukturu, mühəndislik təcrübəsi və qlobal resursları hesabına "Hugging Face"in etibarlılığını, təhlükəsizliyini, modellərin qiymətləndirilməsi imkanlarını və tətbiq miqyasını genişləndirəcək.

"Nvidia" artıq "Hugging Face" platformasında açıq modellər və məlumat dəstləri üzrə ən böyük fərdi töhfəçilərdən biridir. Şirkət burada 500-dən çox açıq çəkili (open-weight) model və 250 məlumat dəsti yayımlayıb.

Sövdələşmə hər iki şirkətin açıq çəkili modellərin inkişafına sadiqliyini daha da gücləndirir. Tərəflərin fikrincə, bu yanaşma süni intellekt texnologiyalarına çıxış maneələrini azaldır, korporativ innovasiyaları sürətləndirir və süni intellekt imkanlarının qlobal miqyasda daha geniş yayılmasına şərait yaradır.

MONETAR.AZ