“Windows 11” yeniləmələrdən sonra ləngimələri azaldacaq

“Windows 11” yeniləmələrdən sonra ləngimələri

“Windows 11” əməliyyat sistemi yenilənmə prosesində daha az yenidən başladılma (reboot) tələb edəcək. Bu barədə “Windows Latest” nəşri xəbər verir.

Nəşrin müəllifləri bildiriblər ki, “Microsoft” korporasiyası “Windows 11”də yeniləmələrin quraşdırılması mexanizmini dəyişib. Bundan sonra bütün yeni drayverlər, “.NET” komponentlərinin yeniləmələri və digər yeniləmələr ƏS-in aylıq yeniləmə paketləri ilə birləşdiriləcək. Bu isə sistemin yenidən başladılmasına ehtiyacı azaldacaq.

Ciddi dəyişiklik “Windows 11”in 24H2, 25H2 və 26H1 versiyalarına şamil olunur. Jurnalistlərin sözlərinə görə, əvvəllər ƏS-in yeniləmələri ayrı-ayrılıqda quraşdırıldığı üçün hər biri yenidən başladılma tələb edə bilirdi. İndi isə yeniləmələr quraşdırıldıqdan sonra kompüterdə “gözləyəcək” və “Windows” üçün ayda bir dəfədən çox yayımlanmayan növbəti təhlükəsizlik yaması ilə birlikdə tətbiq olunacaq.

Beləliklə, istifadəçilər kompüterlərini daha az hallarda yenidən başlatmalı və yeniləmələrin quraşdırılması prosesinin tamamlanmasını gözləməli olacaqlar.

Bununla belə, istifadəçi istədiyi halda kompüteri planlaşdırılan vaxtdan əvvəl də — “Windows Update” və ya enerji təchizatı menyusu vasitəsilə — yenidən başlada bilər. Ümumilikdə, “Microsoft” yeniləmələrin idarə olunması prosesini də sadələşdirib. Hazırda “Windows 11” yeniləmələri 35 günədək dayandırmağa imkan verir.

Bundan əvvəl “MakeUseOf” nəşrinin jurnalistləri bildirmişdilər ki, “Microsoft” hesabından istifadə “Windows 11”lə işləməyi asanlaşdıra bilər. Onların sözlərinə görə, sistemdə nasazlıq yarandıqda və ya cihaz fiziki olaraq itirildikdə, həmin hesab vasitəsilə məlumatların bərpası mümkün olacaq.

MONETAR.AZ