Ali məktəblərə ixtisas seçimi üçün son saatlar: müraciətlər bu gün yekunlaşır

Ali məktəblərə ixtisas seçimi üçün son saatlar: müraciətlər

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi bu gün başa çatır. Namizədlər avqustun 19-u saat 23:59-dək elektron ixtisas seçimi ərizəsinə daxil olaraq seçdikləri ixtisasları təsdiqləməlidirlər.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, avqustun 19-u saat 09:45-ə qədər 81 255 abituriyent və subbakalavr ərizəsini təsdiqləyib. Qəbul üzrə müsabiqəyə yalnız elektron ərizəsini təsdiqləmiş şəxslər buraxılacaqlar.

İxtisas seçimi zamanı çətinliklə qarşılaşan və qaydalarla bağlı əlavə məlumat almaq istəyən namizədlər “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Mərkəzlərdə abituriyentlərə elektron ərizənin doldurulması və təsdiqlənməsi, müsabiqə şərtləri, ixtisas seçimi zamanı nəzərə alınmalı məqamlar və digər məsələlərlə bağlı ödənişsiz məsləhətlər verilir.

“Abituriyent Məsləhət Mərkəzləri” 10 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, eləcə də müəyyən edilmiş tarixlərdə 50-dən çox rayonda təhsil sektorlarında fəaliyyət göstərir.

Abituriyentlərə son saatları gözləmədən ərizələrini yoxlamaq və təsdiqləmək tövsiyə olunur. Çünki elektron ərizəsini təsdiqləməyən şəxslər qəbul müsabiqəsində iştirak edə bilməyəcəklər.