Azərbaycanlıların pulunu ən çox hansı ərzaqlar “yeyib”?

Azərbaycanlıların pulunu ən çox

Azərbaycanda pərakəndə ticarətdə satılan məhsulların ümumi dəyəri son illərdə davamlı artıb. Statistik məlumatlara görə, 2021-ci ildə ümumi məhsul satışı 44,2 milyard manat təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 67,6 milyard manata yüksəlib. Beləliklə, 4 il ərzində satışların həcmi təxminən 53 faiz artıb.

 Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışında da artım qeydə alınıb. Bu kateqoriya üzrə satışların dəyəri 2021-ci ildə 24 milyard manat olduğu halda, 2025-ci ildə 36,9 milyard manata çatıb.

 Ərzaq məhsulları arasında ən böyük göstəricilərdən biri tərəvəzlərin satışında qeydə alınıb. 2021-ci ildə tərəvəz satışlarının dəyəri 4,6 milyard manat olduğu halda, 2025-ci ildə bu rəqəm 10,1 milyard manata yüksəlib. Meyvə satışları isə 2,4 milyard manatdan 3,2 milyard manata çatıb.

 Ət satışlarının dəyəri də artıb. 2021-ci ildə 2,26 milyard manat olan ət satışları 2025-ci ildə 3,45 milyard manata yüksəlib. Quş əti satışları isə 825,9 milyon manatdan 1,35 milyard manata çatıb.

 Balıq məhsullarının satışında da artım müşahidə olunub. Balıq satışlarının dəyəri 2021-ci ildə 488,3 milyon manat olduğu halda, 2025-ci ildə 652 milyon manat təşkil edib. Konservləşdirilmiş balıq məhsullarının satışı isə 53,1 milyon manatdan 141,7 milyon manata yüksəlib.

 Çörək və un məmulatlarının satışında da artım qeydə alınıb. Çörək məhsullarının satış dəyəri 2021-ci ildə 928,3 milyon manat, 2025-ci ildə isə 1,36 milyard manat olub. Şirniyyat və unlu qənnadı məhsullarının satışları isə 1,28 milyard manatdan 1,85 milyard manata yüksəlib.

 Süd və süd məhsullarının satış dəyəri 2021-ci ildə 801 milyon manat olduğu halda, 2025-ci ildə 1,14 milyard manata çatıb. Kərə yağının satışları 727,9 milyon manatdan 1,07 milyard manata, pendir və kəsmik məhsullarının satışı isə 354,5 milyon manatdan 510,9 milyon manata yüksəlib.

 Yumurta satışlarında isə artım daha nisbətən zəif olub. 2021-ci ildə 401,7 milyon manat təşkil edən satışlar 2025-ci ildə 436,6 milyon manata çatıb.

 Qəhvə, çay, kakao və ədviyyat məhsullarının satışları da artaraq 342 milyon manatdan 536 milyon manata yüksəlib. Bitki yağlarının satış dəyəri isə 421,1 milyon manatdan 591 milyon manata çatıb.

 Ümumilikdə, 2021–2025-ci illərdə həm ümumi pərakəndə məhsul satışlarında, həm də əsas ərzaq kateqoriyalarının əksəriyyətində artım müşahidə olunub. Ən nəzərəçarpan artımlardan biri tərəvəz, ət, süd məhsulları, çörək və qənnadı məmulatlarının satışlarında qeydə alınıb.

MONETAR.AZ