Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə kənd təsərrüfatı fəaliyyəti çərçivəsində 250 minə yaxın xırdabuynuzlu heyvan və 185 mindən çox arı ailəsinin köçürülməsi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə ümumilikdə 832 fermerə məxsus 249 min 919 baş xırdabuynuzlu, 8 min 516 baş iribuynuzlu heyvan və 4 min 133 fermerə aid 185 min 207 arı ailəsi müəyyən edilmiş dislokasiya üzrə yaylaq və otlaq sahələrinə yerləşdirilib.
Məlumata əsasən, köç prosesi ən çox Kəlbəcər və Laçın rayonlarını əhatə edib.
Kəlbəcər rayonuna 582 fermerin 160 min 7 baş xırdabuynuzlu, 4 min 626 baş iribuynuzlu heyvanı və 3 min 396 fermerə məxsus 148 min 308 arı ailəsi köçürülüb.
Laçın rayonunda isə 250 fermerə məxsus 89 min 912 baş xırdabuynuzlu, 3 min 890 baş iribuynuzlu heyvan və 495 fermerin 25 min 116 arı ailəsi yerləşdirilib.
Eyni zamanda Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarında da arıçılıq təsərrüfatlarının köçürülməsi həyata keçirilib. Ən çox arı ailəsi Kəlbəcər, Laçın və Xocavənd ərazilərinə yönəldilib.
Qeyd edilib ki, köç prosesi “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”nin “Köç” altmodulu vasitəsilə idarə olunub və reqlament əsasında həyata keçirilib.
Nazirlikdən bildirilib ki, köçürmə zamanı təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə Dövlət Aqrar İnkişaf Mərkəzlərində fermerlər üçün təlimlər təşkil edilib, həmçinin ANAMA tərəfindən riskli ərazilərdə davranış qaydaları ilə bağlı maarifləndirmə aparılıb.
MONETAR.AZ