Bu gün Azərbaycanda torpaq müsabiqə və hərracları keçiriləcək. Monetar.az xəbər verir ki, hərraclar saat 15:00-da başlayacaq.
Hərraca və icarəyə ümumilikdə 19 torpaq sahəsi çıxarılıb. Torpaqlar Xızı, Sabirabad, Yevlax, Lənkəran, Zərdab, Qazax, Ağcabədi, İmişli və Balakən rayonlarında yerləşir.
Ən kiçik torpaq sahəsi 600 kvadratmetr, ən böyük sahə isə 10 hektardır. Xızı rayonunun Xələnc kəndində 600 kvadratmetrlik torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satışa çıxarılıb. Sahənin ilkin qiyməti 9 060 manat, hərrac addımı isə 906 manatdır.
Torpaqların əksəriyyəti kənd təsərrüfatı məqsədləri üçün 15 illik icarəyə təklif olunur. Onlardan 10 hektarlıq sahə Yevlax rayonunun Qaraməmmədli qəsəbəsində yerləşir. Bu torpağın bir illik icarə haqqı 117 manat, hərracda ilkin qiyməti isə 1 170 manatdır.
Sabirabad rayonunda 3,85 və 3,87 hektarlıq iki torpaq sahəsinin hər biri 15 illik icarəyə çıxarılıb. Onların ilkin qiymətləri müvafiq olaraq 578 və 581 manatdır.
Ağcabədi rayonunda da bir neçə torpaq sahəsi hərraca çıxarılıb. Burada ən böyük sahə 8 hektardır və 15 illik icarə üçün təklif olunur. Bir illik icarə haqqı 88 manat, hərracda ilkin qiyməti isə 880 manatdır.
Balakən rayonunun Hənifə kəndində 4,62 hektarlıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin qiyməti 1 224,30 manat, illik icarə haqqı isə 61 manat müəyyən edilib.
Hərraca çıxarılan torpaqların bir hissəsi əkinçilik, digər hissəsi isə heyvandarlıq üçün nəzərdə tutulub.