Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı 9 ayda artım göstərib

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının fiziki həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, hesabat dövründə ölkədə faktiki qiymətlərlə 11 milyard 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

İstehsalın artımında heyvandarlıq sahəsi daha yüksək göstərici nümayiş etdirib. Belə ki, yanvar-sentyabr aylarında heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz artıb.

Ümumi kənd təsərrüfatı məhsulunun 51 faizi bitkiçiliyin, 49 faizi isə heyvandarlığın payına düşüb.

Yanvar-avqust aylarında kənd təsərrüfatı məhsullarının istehsalında 2,6 faizlik artım qeydə alındığı halda, yanvar-sentyabr dövrünün yekununda bu göstərici 1,1 faizə enib.

Eyni zamanda, bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə düşüb. Heyvandarlıqda isə artım yanvar-avqust aylarındakı 2 faizdən sentyabrın sonuna 1,9 faizə qədər zəifləyib.

Beləliklə, rəsmi göstəricilər hesabat dövründə kənd təsərrüfatı istehsalının artmaqda davam etdiyini, lakin əvvəlki aylara nisbətən artım tempinin aşağı düşdüyünü göstərir.