Dünya bazarında kakaonun qiyməti bir ton üçün 5 600 dolları ötüb. Qərbi Afrikada növbəti məhsul mövsümü ilə bağlı risklərin artması və mümkün “El Niño” hadisəsi tədarüklə bağlı narahatlıqları gücləndirib.
Monetar.az xəbər verir ki, kakao fevralın 27-də qeydə alınan üçillik minimum - 2 888 dollarla müqayisədə təxminən 2 dəfə bahalaşıb.
Dünyanın ən böyük kakao istehsalçısı olan Kot-d’İvuarda 2027-ci ilin əvvəlinədək yağıntıların normadan aşağı olacağı gözlənilir. Bu isə kakao istehsalına mənfi təsir göstərə bilər. Qlobal kakao istehsalının yarıdan çoxunun Qərbi Afrikanın payına düşməsi regiondakı hava şəraitini dünya bazarı üçün xüsusilə əhəmiyyətli edir.
“StoneX Group”un proqnozuna əsasən, Kot-d’İvuarda 2026-2027-ci mövsümündə kakao istehsalı 11% azalaraq 1,8 milyon tona düşə bilər. İkinci ən böyük istehsalçı olan Qanada isə istehsalın təxminən 13% azalaraq 650 min tona enəcəyi gözlənilir.
Bununla yanaşı, 2026-2027-ci mövsümünün başlanğıcından indiyədək Kot-d’İvuar limanlarına 77 500 ton kakao daxil olduğu bildirilir.
Təklifin azalması ehtimalı və əlverişsiz hava şəraiti ilə bağlı risklər kakao qiymətlərinə yüksəldici təsir göstərir.