Asiya valyutaları təzyiq altında: neft gərginliyi bazarları silkələyir

Asiya valyutaları təzyiq altında: neft gərginliyi

Asiya valyuta bazarlarında çərşənbə axşamı vahid istiqamət formalaşmayıb. ABŞ dollarının son ayların minimumlarına yaxın mövqedə qalması region valyutaları üçün müəyyən dəstək yaratsa da, İran ətrafında gərginliyin yenidən yüksəlməsi, neftin bahalaşması və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması investorların risk iştahını məhdudlaşdırıb.

ABŞ dollarının əsas valyutalar qarşısındakı məzənnəsini əks etdirən USD indeksi Bakı vaxtı ilə saat 08:39-da dəyişməyərək 99,65 bənddə qərarlaşıb. Bu göstərici iyunun əvvəlindən bəri qeydə alınan ən aşağı səviyyələrə yaxındır.

Dolların zəifləməsinin əsas səbəblərindən biri ABŞ iqtisadiyyatından daxil olan son göstəricilərin Federal Ehtiyat Sisteminin pul siyasətini sərtləşdirməyə tələsməyəcəyi ehtimalını gücləndirməsidir. İyul ayında pərakəndə satışların son doqquz ayda ilk dəfə azalması, işsizliyin gözlənilmədən yüksəlməsi və inflyasiyanın nisbətən mülayim qalması bazarların faiz dərəcələri ilə bağlı gözləntilərini dəyişib.

"CME FedWatch" məlumatlarına əsasən, investorlar hazırda FED-in sentyabr toplantısında faiz dərəcələrini artıracağı ehtimalını cəmi 35 faiz səviyyəsində qiymətləndirirlər.

Lakin dolların zəifləməsi Asiya valyutalarına tam rahatlıq gətirməyib. Bunun əsas səbəbi enerji bazarındakı kəskin bahalaşma və ABŞ istiqrazlarının gəlirliliyinin yüksəlməsidir.

"Brent" markalı neftin qiyməti ABŞ və İran arasında əldə olunmuş razılaşmanın müddətinin başa çatmasından sonra çərşənbə axşamı 91 dollar/barel həddini keçib. Tehran isə hərbi mövqeyini sərtləşdirərək "tamamilə hücum" vəziyyətinə keçdiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp Omanı Vaşinqtonun İranla razılaşma əldə etmək səylərinə mane olacağı təqdirdə hərbi əməliyyatlarla hədələyib. Bu açıqlama dünyanın əsas neft nəqli marşrutlarından biri olan Hörmüz boğazı ilə bağlı narahatlıqları daha da artırıb.

Geosiyasi risklərin yenidən yüksəlməsi xüsusilə enerji idxalından yüksək dərəcədə asılı olan Asiya iqtisadiyyatları üçün əlavə inflyasiya təzyiqi yaradır. Neftin uzun müddət yüksək qiymətlərdə qalması region ölkələrinin həm tədiyyə balansına, həm də milli valyutalarına təzyiqi gücləndirə bilər.

Valyutalar üzrə vəziyyət də fərqli olub. Yapon yeni zəif mövqedə qalıb. USD/JPY məzənnəsi 0,2 faiz yüksələrək 160 yen səviyyəsinə yaxınlaşıb. Beləliklə, yen iyulun sonunda ABŞ və Yaponiya tərəfindən həyata keçirilən birgə valyuta müdaxiləsindən sonra qazandığı mövqelərin böyük hissəsini itirib.

Offşor yuanı da dollar qarşısında 0,1 faiz zəifləyib. Cənubi Koreya vonu isə əksinə, 0,2 faiz möhkəmlənib. Avstraliya dolları və Sinqapur dolları isə gün ərzində ciddi dəyişiklik göstərməyib.

Asiya valyutaları arasında daha ciddi təzyiqlə üzləşənlərdən biri Hindistan rupisi olub. USD/INR məzənnəsi 0,1 faiz artaraq 95,67 rupiyə çatıb. Bu, iyulun 30-dan bəri dollar qarşısında rupi üçün ən zəif göstəricidir.

Rupinin mövqeyi yüksək neft qiymətləri və ABŞ istiqrazlarının gəlirliliyinin artması fonunda daha da həssaslaşıb. Hindistan Ehtiyat Bankının xarici valyuta depozitləri üzrə svop proqramının son tarixini daha erkən vaxta çəkməsi də bazardakı təzyiqləri artıran amillərdən biri kimi qiymətləndirilir.

"Reuters"in məlumatına görə, Hindistan Ehtiyat Bankının rupi yüksək neft qiymətlərinin təsirindən qorumaq məqsədilə valyuta bazarına müdaxilələri çərşənbə axşamı ardıcıl səkkizinci sessiyada da davam edib.

Digər tərəfdən, ABŞ xəzinə istiqrazlarının yüksək gəlirliliyi inkişaf etməkdə olan Asiya ölkələrinin valyutaları üçün əlavə maneə olaraq qalır. ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 4,7 faizdən, 30 illik istiqrazların gəlirliliyi isə 5,3 faizdən yuxarı olub. 30 illik istiqrazlar üzrə gəlirlilik 2007-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

İndi investorların diqqəti Federal Ehtiyat Sisteminin çərşənbə günü açıqlanması gözlənilən son iclas protokollarına yönəlib. Protokollar mərkəzi bank rəsmilərinin faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı mövqelərinə dair bazara yeni siqnallar verə bilər. Bu məlumatlar dolların istiqamətinin və Asiya valyutalarının yaxın perspektivdəki dinamikasının müəyyənləşməsində əsas amillərdən biri olacaq.

MONETAR.AZ