Kriptovalyuta bazarında həftənin əvvəlində müşahidə olunan təzyiqə baxmayaraq, bitcoin bu gün yüksəliş nümayiş etdirib. ABŞ və İran arasında gərginliyin davam etməsi, inflyasiyanın yüksək olaraq qalması və faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı qeyri-müəyyənlik investorların riskli aktivlərə marağını məhdudlaşdırsa da, əsas kriptovalyuta 64 min dollar həddini yenidən keçib.
Bitcoin gün ərzində təxminən 1 faiz bahalaşaraq Bakı vaxtı ilə saat 10:23 radələrində 64 297,3 dollar səviyyəsində ticarət olunub.
Bununla belə, bazarda nikbinlik hələlik kövrək olaraq qalır. Yaxın günlərdə ABŞ-da keçirilməsi gözlənilən mühüm tənzimləyici iclas öncəsi investorların daha ehtiyatlı mövqe tutması kriptovalyutaların daha sürətli bahalaşmasının qarşısını alan əsas amillərdən biridir.
ABŞ-İran münasibətlərində gərginliyin yeni mərhələyə keçməsi qlobal maliyyə bazarlarında risk iştahına təsir göstərməklə yanaşı, kriptovalyutaların da yüksək dəyişkənlik şəraitində qalmasına səbəb olur. İnvestorlar eyni zamanda ABŞ-da inflyasiyanın dinamikasını və pul siyasətinin növbəti mərhələsini diqqətlə izləyirlər.
Hazırkı vəziyyət bitkoinin qısamüddətli yüksəlişinə baxmayaraq, kriptovalyuta bazarında istiqamətin hələ də geosiyasi risklər və ABŞ-ın monetar siyasəti ilə sıx bağlı olduğunu göstərir.
MONETAR.AZ