Neft bazarı Hörmüz böhranının uzunmüddətli olacağına hazırlaşır

Neft bazarı Hörmüz böhranının uzunmüddətli olacağına

Qlobal neft bazarında Yaxın Şərqdən tədarükün pozulması artıq müvəqqəti şok kimi deyil, daha uzunmüddətli reallıq kimi qiymətləndirilməyə başlayıb. ABŞ və İran arasında diplomatik həll perspektivlərinin zəifləməsi və Hörmüz boğazında nəqliyyatın məhdud qalması treyderləri enerji bazarında yeni şərtlərə uyğunlaşmağa vadar edir.

"Reuters"in yazdığına görə, ABŞ və İran arasında müharibənin başlanmasından təxminən altı ay sonra diplomatik irəliləyişə dair ümidlər əhəmiyyətli dərəcədə azalıb. İyunun 17-də əldə olunan aralıq atəşkəs faktiki olaraq qüvvədən düşüb, 60 günlük danışıqlar müddəti başa çatıb. Tərəflərin heç biri Hörmüz boğazının gələcəyi ilə bağlı güzəştə getməyə hazır görünmür.

Bu qarşıdurmanın uzanması dünyanın əsas neft nəqli arteriyalarından biri olan Hörmüz boğazından keçən daşımaların aylarla məhdud qala biləcəyi ehtimalını gücləndirir. Məhz bu amil neft qiymətlərinin hazırda bir barel üçün təxminən 90 dollar ətrafında möhkəmlənməsini izah edən əsas səbəblərdən biridir.

Bazar əvvəlki panika mükafatının bir hissəsini qiymətlərdən çıxarsa da, neft ilin əvvəlindən təxminən 50 faiz bahadır.

Münaqişənin iqtisadi yükü həm İran, həm də ABŞ üçün ağırlaşır. İranda illik inflyasiya iyul ayında 80 faizi ötüb. ISNA məlumatlarına əsasən, ölkənin neft ixracı da kəskin şəkildə azalıb: Kpler hesablamalarına görə, gündəlik ixrac 2025-ci ildəki 1,7 milyon bareldən 294 min barelə düşüb.

ABŞ-da da enerji böhranının təsirləri artıq istehlakçı qiymətlərində hiss olunur. Bazar ertəsi ölkə üzrə benzinin orta qiyməti bir qallon üçün 4,06 dollara yüksəlib ki, bu da ötən ilin eyni günündən 29 faiz çoxdur. Tramp isə noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalıları yanacağın yüksək qiymətlərinin davam edə biləcəyi barədə xəbərdar edib.

Neft bazarının qarşısındakı əsas sual isə tədarük itkisinin real miqyasının nə qədər olmasıdır. Müharibədən əvvəl Hörmüz boğazından gündəlik təxminən 18 milyon barel neft keçirdiyi halda, bu göstərici iyulda 4,8 milyon barelə, avqustda isə təxminən 2 milyon barelə qədər enib.

Tədarükün müəyyən hissəsi Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə terminalından və Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərindən ixracın artırılması hesabına kompensasiya olunub. Lakin husilərin Bab əl-Məndəb boğazı üzərindən Səudiyyə ixracına mane olması alternativ marşrutlara da təzyiq yaradıb.

Kpler məlumatlarına görə, bu ay Yaxın Şərqdən neft ixracı gündəlik 9,5 milyon barel təşkil edib. Bu rəqəm 2025-ci ildə qeydə alınan 21 milyon barellik göstəricinin yarısından da azdır.

Bununla belə, rəsmi tədarük rəqəmləri bazardakı vəziyyəti tam əks etdirməyə bilər. Çünki neftin getdikcə daha böyük hissəsi izlənməsi çətin olan kanallarla daşınır. Fars körfəzi ölkələrində izləmə sistemlərini söndürən tankerlərdən istifadə genişlənib və BƏƏ-nin "qaranlıq tankerlər" şəbəkəsi formalaşdırdığı bildirilir.

Nəticədə treyderlər tədarükün ciddi şəkildə pozulduğunu anlayırlar, lakin itkinin dəqiq miqyasını müəyyənləşdirməkdə çətinlik çəkirlər. BƏƏ-nin avqustda neft ixracı gündəlik 3,38 milyon barel olub. Müqayisə üçün, 2025-ci ildə bu göstərici 3,2 milyon barel idi. Lakin "Abu Dhabi National Oil Company" ilə əlaqəli tankerlərə İran tərəfindən zərbələr endirilməsi barədə xəbərlərdən sonra ixracın azalması ehtimalı artır.

Yanacaq bazarında vəziyyət daha da gərgindir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, iyul ayında dünya üzrə neft emalı zavodlarının yüklənməsi gündəlik 81 milyon barel təşkil edib. Bu, ötən ilin eyni dövründən təxminən 5 milyon barel aşağıdır.

Emal həcmlərinin azalması Yaxın Şərqdəki emal güclərinin itirilməsi ilə yanaşı, Rusiyanın neft emalı obyektlərinə Ukrayna dronlarının hücumları ilə də bağlıdır.

Qlobal yanacaq qıtlığının bir hissəsini ABŞ kompensasiya edib. Ölkədə emal zavodları rekord səviyyəyə yaxın yüklənmə ilə işləyərək ixracı artırıb. Lakin mövsümi texniki xidmətlər və qarşıdan gələn qasırğa mövsümü ABŞ-ın bu dəstəyinin də zəifləməsinə səbəb ola bilər.

Neft ehtiyatları ilə bağlı göstəricilər isə bazar iştirakçılarını daha çox narahat edir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, ikinci rübdə qlobal müşahidə olunan neft ehtiyatları gündəlik 2,4 milyon barel azalıb. Bu, ən azı son on ilin ən böyük rüblük azalmasıdır.

ABŞ-da dizel ehtiyatları ilin bu dövrü üçün son 30 ilin minimumuna enib. Benzin ehtiyatları isə 2012-ci ildən bəri ən zəif mövsümi səviyyədədir.

Tədarük böhranının miqyası fraxt bazarlarında da özünü göstərir. LSEG məlumatlarına görə, Yaxın Şərq-Çin marşrutu üzrə VLCC tipli supertankerlərin gündəlik fraxt dərəcələri iyulun əvvəlindəki təxminən 300 min dollardan 490 min dollara yüksəlib. Bu, bir barel üçün təxminən 5 dollar əlavə xərc deməkdir və ilin əvvəlindəki səviyyədən təxminən 10 dəfə yüksəkdir.

Beləliklə, Hörmüz boğazındakı böhran uzandıqca neft bazarının reaksiyası da dəyişir. İlk mərhələdə qiymətləri yüksəldən əsas amil müharibə və panika idisə, indi bazar daha davamlı tədarük problemlərini qiymətləndirməyə başlayıb.

Əgər boğaz ətrafındakı çıxılmaz vəziyyət uzun müddət davam edərsə, söhbət artıq müvəqqəti enerji şokundan deyil, qlobal neft ticarətinin marşrutlarını və təchizat zəncirini dəyişdirə biləcək struktur böhrandan gedə bilər. Bu halda neft qiymətlərinin yüksək səviyyədə qalmasına əsas səbəb döyüş meydanındakı ayrı-ayrı hadisələr deyil, bazarın Yaxın Şərqdəki tədarük məhdudiyyətlərinin uzunmüddətli ola biləcəyini qəbul etməsi olacaq.

MONETAR.AZ