Bazarlarda bu həftə izlənilməli 5 vacib hadisə

Bazarlarda bu həftə izlənilməli

Analitiklərin fikrincə, yeni ticarət həftəsinin başlaması ilə bazarlarda mövsümi sakitlik müşahidə olunur. "VIX" dəyişkənlik indeksi ilin əvvəlindən bəri ən aşağı səviyyəyə enib. Buna baxmayaraq, investorların diqqətini cəlb edəcək bir sıra mühüm hadisələr var. Bu həftə ABŞ-da iri pərakəndə satış şirkətlərinin maliyyə nəticələri açıqlanacaq, avqust ayı üzrə ilkin PMI göstəriciləri dərc ediləcək, Federal Ehtiyat Sisteminin (FED) iyul iclasının protokolları yayımlanacaq və İsveç Mərkəzi Bankı (Riksbank) faiz qərarını elan edəcək.

ABŞ-da hesabat mövsümü yekunlaşmaq üzrədir. İndiyədək "S&P 500" şirkətlərinin böyük əksəriyyəti analitik proqnozlarını üstələyib. Bu həftə "Home Depot", "Target", "Lowe’s" və xüsusilə də "Walmart"ın maliyyə nəticələri açıqlanacaq. "Walmart"ın hesabatı ABŞ istehlak xərclərinin vəziyyətinə dair mühüm siqnal kimi qiymətləndirilir.

İnvestorlar eyni zamanda ABŞ və digər iri iqtisadiyyatlarda avqust ayı üzrə ilkin PMI göstəricilərini izləyəcəklər. Proqnozlara görə, ABŞ-da xidmət sektoru üzrə PMI 53,9, emal sənayesi üzrə PMI isə 54,0 səviyyəsində olacaq. Hər iki göstəricinin 50 bənddən yuxarı qalması iqtisadi fəallığın davam etdiyini göstərir.

Çində isə iyul ayı üzrə açıqlanan statistika iqtisadi artımın zəiflədiyini göstərib. Sənaye istehsalı illik ifadədə 4,5% artaraq bazar gözləntilərindən aşağı olub. Daxili tələbatın zəif qalması istehsala təzyiq göstərsə də, ixrac yüksək texnologiyalar sektorunun hesabına müəyyən dəstək almaqda davam edir.

Həftənin əsas hadisələrindən biri FRS-in iyul iclasının protokollarının dərc olunması olacaq. Son dövrdə zəif məşğulluq və inflyasiya göstəriciləri bazarlarda faiz dərəcələrinin yaxın aylarda artırılması ehtimalını azaldıb. İnvestorlar protokollarda FRS üzvlərinin inflyasiya risklərinə və gələcək pul-kredit siyasətinə yanaşması ilə bağlı əlavə ipucları axtaracaqlar.

Cümə axşamı isə İsveç Mərkəzi Bankının faiz qərarı açıqlanacaq. Analitiklər Riksbankın uçot dərəcəsini ardıcıl səkkizinci iclasda da dəyişməz saxlayacağını gözləyirlər. Ölkədə inflyasiya təzyiqlərinin digər Avropa iqtisadiyyatları ilə müqayisədə daha məhdud qalması mərkəzi banka ehtiyatlı mövqeyini qorumağa imkan verir. Bununla belə, istehsalçı qiymətlərindəki artımın gələcəkdə istehlak inflyasiyasına təsiri hələ də bazarın diqqət mərkəzindədir.

MONETAR.AZ