Azərbaycan kərə yağı idxalında daha ucuz bazarlara yönəlib

Azərbaycan kərə yağı idxalında

Azərbaycan 2026-cı ilin ilk 5 ayında xaricdən 10,8 min tona yaxın kərə yağı idxal edib. Rəsmi gömrük və statistika məlumatları göstərir ki, ölkə kərə yağı idxalında daha sərfəli qiymət təklif edən bazarlara üstünlük verməyə başlayıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-may aylarında 040510 mal kodu üzrə Azərbaycana 10 827,06 ton kərə yağı gətirilib. İdxal olunan məhsulun ümumi dəyəri 68 milyon 78,99 min ABŞ dolları təşkil edib. Hesablamalara görə, 1 ton kərə yağının orta idxal qiyməti 6 287 dollar, 1 kiloqramın qiyməti isə təxminən 6,29 dollar olub. Bu, təqribən 10,7 manat edir. Kərə yağının əsas tədarükçüləri arasında İran, Belarus, Yeni Zelandiya, Səudiyyə Ərəbistanı və Ukrayna yer alıb.

Ən böyük idxal həcmi İrandan həyata keçirilib. Belə ki, bu ölkədən 5 034,48 ton kərə yağı alınıb və bunun dəyəri 26,5 milyon dollar olub. Belarusdan 1 596,1 ton (9,01 milyon dollar), Yeni Zelandiyadan 1 460,61 ton (11,35 milyon dollar), Səudiyyə Ərəbistanından isə 806,09 ton (7,2 milyon dollar) məhsul idxal edilib.

İdxalda struktur dəyişib

2026-cı ilin ilk 5 ayının göstəriciləri 2025-ci ilin eyni dövrü ilə müqayisə edildikdə kərə yağı bazarında diqqətçəkən dəyişikliklər müşahidə olunur. Müqayisəyə əsasən, ümumi idxal həcmi 11 458 tondan 10 827,06 tona düşüb. Bu, illik müqayisədə 5,5 faiz azalma deməkdir. İdxalın dəyəri isə daha çox azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında kərə yağı idxalına 80,49 milyon dollar xərcləndiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 68,08 milyon dollara enib. Nəticədə ölkədən çıxan valyuta vəsaiti təxminən 12,41 milyon dollar azalıb.

Qiymətlərdə də enmə qeydə alınıb. 2025-ci ildə 1 ton kərə yağının orta idxal qiyməti təxminən 7 025 dollar olduğu halda, 2026-cı ildə bu rəqəm 6 287 dollara düşüb. 1 kiloqram üzrə orta qiymət isə 7,03 dollardan 6,29 dollara enib. Manat ifadəsində hesablandıqda, 1 kiloqram kərə yağının orta idxal qiyməti təxminən 1,2 manat ucuzlaşıb.

Ucuz tədarükçülərin payı artır

Mütəxəssislərin fikrincə, qiymət azalmasının əsas səbəbi dünya bazarında ümumi ucuzlaşmadan daha çox idxal strukturundakı dəyişikliklə bağlıdır. Azərbaycan idxalçıları daha yüksək qiymətli bazarlardan, o cümlədən Yeni Zelandiyadan alınan məhsulların payını azaldaraq İran və Belarus kimi daha münasib qiymət təklif edən ölkələrə üstünlük veriblər. Bunun nəticəsində idxal olunan məhsulun orta qiyməti aşağı düşüb və bazara daxil olan kərə yağının maya dəyərində azalma yaranıb.

Eyni zamanda, idxal həcminin cəmi 5,5 faiz azalması ölkədə kərə yağına olan tələbin ümumilikdə sabit qaldığını göstərir. Tələbatın bir hissəsi daxili istehsal və digər bazar amilləri hesabına kompensasiya olunub.

Azərbaycan da kərə yağı ixrac edib

Hesabat dövründə Azərbaycan kərə yağı ixracı da həyata keçirib. Beş ay ərzində ölkədən 200,59 ton kərə yağı xaricə göndərilib. İxracın ümumi dəyəri 1,45 milyon ABŞ dolları təşkil edib. Bu göstəriciyə əsasən, ixrac olunan kərə yağının orta qiyməti 1 kiloqram üçün təxminən 7,24 dollar olub. Əsas ixrac istiqamətləri Türkmənistan və Rusiya olub. Türkmənistana 160 ton, Rusiyaya isə 40 ton kərə yağı satılıb.

MONETAR.AZ