Bitcoin 72 min dollar hədəfinə yaxınlaşır

Bitcoin 72 min dollar hədəfinə

Kriptovalyuta bazarında bərpa meyilləri güclənir. "CoinDesk"in məlumatına görə, iyulun əvvəlində 58 min dollardan aşağı enən Bitcoin yenidən yüksələrək 64,6 min dollar ətrafında ticarət olunur. Analitiklər hesab edirlər ki, Federal Ehtiyat Sisteminin (FED) növbəti faiz qərarı ərəfəsində iri investorların opsion bazarındakı aktivliyi qiymətin 72 min dollara doğru hərəkət edə biləcəyinə işarə edir.

Bakı vaxtı ilə saat 13:02-yə olan məlumata əsasən, Bitcoin 1,15% bahalaşaraq 64 717,2 dollara yüksəlib.

Bazarda diqqət çəkən əsas məqamlardan biri isə institusional investorların formalaşdırdığı iri opsion mövqeləri olub. Treyderlər iyulun 31-də başa çatan müqavilələr üzrə icra qiyməti 70 min dollar olan 20 min koll-opsion alıb, eyni sayda 72 min dollarlıq koll-opsion satıblar.

Bu əməliyyat bazarda "bull call spread" strategiyası kimi tanınır. Strategiyanın ümumi şərti dəyəri təxminən 2,5 milyard dollar qiymətləndirilir.

Belə yanaşma Bitcoinin 70 min dollar səviyyəsini aşacağı ssenarisindən gəlir əldə etməyə hesablanıb. Bununla yanaşı, qiymət 72 min dollara çatdıqda potensial mənfəət əvvəlcədən məhdudlaşdırılır ki, bu da risklərin idarə olunmasına xidmət edir.

Analitiklər bildirirlər ki, əməliyyatların həcmi və strukturu bu mövqelərin əsasən iri maliyyə institutları tərəfindən açıldığını göstərir. Bu isə bazarın qısamüddətli perspektivdə Bitcoinin daha yüksək qiymətləri sınaqdan keçirəcəyinə dair gözləntilərin gücləndiyini nümayiş etdirir.

MONETAR.AZ