Buğda iyulda 16 faiz bahalaşıb

Buğda iyulda 16 faiz

Qlobal buğda bazarında qiymətlər artımını davam etdirir. "Bloomberg" agentliyinin məlumatına görə, Qara dəniz regionunda hərbi gərginliyin dərinləşməsi və məhsul perspektivlərinin pisləşməsi fonunda buğda fyuçersləri ardıcıl ikinci ticarət sessiyasında bahalaşıb.

Çikaqo Əmtəə Birjasında (CBOT) ən aktiv buğda fyuçersləri təxminən 1% yüksəlib. Bazar iştirakçıları Rusiya və Ukrayna arasında davam edən qarşılıqlı hücumların dünyanın ən böyük buğda ixrac marşrutlarından biri olan Qara dəniz vasitəsilə daşınmalara risk yaratdığını qiymətləndirirlər. Nəticədə, iyul ayı ərzində buğda qiymətləri ümumilikdə 16% artıb.

"Commonwealth Bank of Australia"nın aqrar sektor üzrə iqtisadçısı Dennis Voznesenski bildirib ki, dünya buğda ixracının 25–30%-i Rusiya və Ukraynanın payına düşür. Onun sözlərinə görə, qarşıdakı məhsul yığımı mövsümündə ixrac zəncirində yarana biləcək fasilələr qlobal qiymətlər üçün mühüm dəstək amili olaraq qalır.

Təklif tərəfi ilə bağlı risklər Rusiyanın məhsul proqnozunun aşağı salınması ilə daha da güclənib. "SovEkon" konsaltinq şirkəti cənub bölgələrində məhsuldarlıq perspektivlərinin zəifləməsini və yazlıq buğda əkin sahələrinin azalmasını əsas gətirərək, Rusiyanın 2026–2027-ci il mövsümü üzrə buğda istehsalı proqnozunu 0,7% azaldıb.

"Futures International LLC" isə logistika problemlərinə istinad edərək bildirib ki, Rusiyanın iyul ayı üzrə buğda ixracı hazırda təxminən 1,5 milyon ton səviyyəsində qiymətləndirilir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdəbir az olmaqla yanaşı, 2017-ci ildən bəri iyul ayı üçün ən aşağı göstərici hesab olunur.

Qiymətlərə digər əsas istehsalçı regionlardakı zəif məhsul proqnozları da əlavə dəstək verir. Fransada anomal istilər səbəbindən yumşaq buğda istehsalının bu il 7,6% azalacağı gözlənilir. ABŞ-da isə "yaxşı" və "əla" vəziyyətdə qiymətləndirilən yazlıq buğda əkinlərinin payı son bir həftə ərzində 5 faiz bəndi azalıb.

Bu arada, qarğıdalı bazarında da yüksəliş müşahidə olunub. Qara dəniz regionundakı geosiyasi risklər və Avropada davam edən isti hava dalğasının məhsuldarlığa mənfi təsir göstərə biləcəyi narahatlıqları fonunda qarğıdalı fyuçersləri bir buşel üçün 4,775 dollar səviyyəsinə yüksələrək son iki aydan artıq müddətin ən yüksək göstəricisini qeydə alıb. Sonradan isə qiymətlərdə qismən korreksiya baş verib.

MONETAR.AZ