"Reuters"in təhlilinə görə, İran ətrafında gərginliyin artdığı dövrdə Çinin neft bazarındakı davranışı investorlar üçün gözlənilməz olub. Dünyanın ən böyük neft idxalçısı təkcə alışlarını azaltmayıb, bunu son illərin ən kəskin tempində həyata keçirib.
Çin uzun illərdir qiymətlər yüksəldikdə neft idxalını azaltmaq, ucuzlaşdıqda isə ehtiyatlarını artırmaq strategiyasından istifadə edir. Lakin iyun ayında idxalın son on ilin ən aşağı səviyyəsinə enməsi bazar üçün ciddi sürpriz sayılıb. Bu, xüsusilə də neft qiymətlərinin yüksəlməsinə baxmayaraq, hələ 2022-ci ilin rekord hədlərinə çatmaması fonunda diqqət çəkib.
Rəsmi statistikaya əsasən, Çin iyunda sutkada 7,12 milyon barrel neft idxal edib. Bu, 2016-cı ilin oktyabrından bəri ən aşağı göstərici olmaqla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə 41,3% azalma deməkdir.
İdxalın azalması ilə yanaşı, ölkənin neft emalı zavodları da istehsal güclərindən daha az istifadə edib. İyun ayında gündəlik emal həcmi 12,47 milyon barrelə enib ki, bu da illik müqayisədə 17,7% azalma və 2020-ci ilin martından bəri ən aşağı göstəricidir.
Çin strateji və kommersiya ehtiyatları barədə rəsmi məlumat açıqlamasa da, idxal, daxili hasilat və emal göstəricilərinin müqayisəsi göstərir ki, iyun ayında anbarlardan gündəlik təxminən 940 min barrel neft istifadə olunub. Müqayisə üçün, may ayında bu rəqəm təxminən 500 min barrel idi.
Bununla belə, ilin ilk altı ayının yekununda ölkə ümumi ehtiyatlarını artırmağa nail olub və gündəlik orta hesabla 530 min barrel həcmində əlavə ehtiyat formalaşdırıb.
Analitiklərin fikrincə, emal həcminin azalmasına Pekinin neft məhsullarının ixracını qeyri-rəsmi şəkildə məhdudlaşdırması da təsir edib. Bu addım daxili bazarda yanacaq təminatını qorumaq məqsədi daşıyıb.
"Kpler"in məlumatına görə, iyun ayında Çindən yüngül və orta distillatların ixracı sutkada 393 min barrel təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə cüzi aşağı olsa da, apreldə qeydə alınan son 54 ayın minimum səviyyəsindən yüksək olub.
Analitiklər hesab edirlər ki, avqust və sentyabr aylarında Çin neft idxalını yenidən artıra bilər. Bunun əsas səbəbi ABŞ və İran arasında qısa müddətli atəşkəs dövründə aşağı qiymətlərlə alınmış neft partiyalarının ölkəyə çatdırılmasıdır.
Həmin dövrdə "Brent" markalı neftin qiyməti iyulun əvvəlində 70 dollar ətrafına qədər geriləmişdi. Lakin hərbi əməliyyatların yenidən intensivləşməsi nəticəsində qiymətlər sonradan 90 dolları ötüb.
Ekspertlərin fikrincə, bahalaşan neft Çin emalçılarını növbəti aylarda yenidən ehtiyatlı davranmağa sövq edə bilər. Bu isə sifarişlərin çatdırılma müddəti nəzərə alınmaqla, oktyabr ayından etibarən idxalın yenidən zəifləməsi ehtimalını artırır.
Hazırda bazarın əsas suallarından biri Pekinin neft məhsulları ixracı ilə bağlı siyasətidir. Çin təxminən 1,2 milyard barrel həcmində qiymətləndirilən ehtiyatları sayəsində daha çevik qərarlar vermək imkanına malikdir.
Eyni zamanda, Asiyada dizel və qazoyl marjalarının rekord səviyyəyə yüksəlməsi Çin NEZ-lərini ixracı artırmağa həvəsləndirə bilər. İyulun 17-də qazoylun qiyməti bir barrel üçün 143,03 dollar olub ki, bu da "Brent" neftindən təxminən 55 dollar yüksəkdir. Müqayisə üçün, fevralın sonunda bu fərq cəmi 19 dollar idi.
Artıq ixrac məhdudiyyətlərinin yumşaldılmasına dair ilk siqnallar da müşahidə olunur. "Kpler"in operativ məlumatlarına əsasən, iyul ayında yüngül və orta distillatların yüklənməsi sutkada 787 min barrelə yüksəlib ki, bu da əvvəlki aylarla müqayisədə əhəmiyyətli artımdır.
MONETAR.AZ