Dünya bazarında neftin qiyməti həftənin ilk ticarət günündə kəskin yüksəlib. Yaxın Şərqdə ABŞ və İran arasında hərbi gərginliyin artması fonunda Brent markalı neftin bir barelinin qiyməti 90 ABŞ dollarını ötüb.
Birja məlumatlarına görə, Brent markalı neft üzrə sentyabr fyuçerslərinin qiyməti 3,05 faiz artaraq 90,79 ABŞ dollarına çatıb. Bu, iyunun 11-dən bəri qeydə alınan ən yüksək göstəricidir. Brent markalı neft ötən həftə ümumilikdə 15,9 faiz bahalaşaraq aprel ayından bəri ən güclü həftəlik artımı nümayiş etdirib.
ABŞ-ın WTI markalı xam nefti isə 2,65 faiz bahalaşaraq bir barel üçün 84,68 ABŞ dollarına yüksəlib. Bununla da qiymətlər iyunun 12-dən bəri ən yüksək səviyyəyə çatıb. WTI markalı neft də ötən həftə 15,5 faiz dəyər qazanaraq mart ayından bəri ən yüksək həftəlik artımı göstərib.
Analitiklər bildirirlər ki, qiymət artımının əsas səbəbi Yaxın Şərqdə hərbi qarşıdurmanın genişlənməsi və Hörmüz boğazında enerji daşımaları ilə bağlı risklərin yüksəlməsidir. Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən beşdə biri bu strateji boğazdan keçir.
Məlumata görə, ABŞ İranın limanlarına qarşı dəniz blokadası tətbiq etdiyini açıqlayıb. İran isə Hörmüz boğazında gəmiçilik qaydalarını pozduğunu iddia etdiyi bəzi gəmilərə qarşı tədbirlər gördüyünü bəyan edib.
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) də Oman sahilləri yaxınlığında bir gəmidə yanğın baş verdiyini açıqlayıb.
"Barclays" bankının analitikləri hesab edirlər ki, qarşıdakı günlərdə bölgədən neft ixracının hansı həcmdə davam etdirilə biləcəyi qiymətlərin gələcək dinamikasına mühüm təsir göstərəcək.
MONETAR.AZ