Qızıl həftəyə ucuzlaşma ilə başladı

Qızıl həftəyə

Dünya bazarında qızılın qiyməti həftənin ilk ticarət günündə cüzi ucuzlaşıb. Buna Yaxın Şərqdə hərbi gərginliyin artması fonunda neft qiymətlərinin yüksəlməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yenidən artıracağına dair gözləntilərin güclənməsi təsir edib.

Birja məlumatlarına görə, spot qızılın qiyməti 0,1 faiz azalaraq bir unsiya üçün 4014,53 ABŞ dollarına enib. ABŞ-da avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti isə 4019,80 dollar səviyyəsində dəyişməz qalıb.

Bazar iştirakçıları bildirirlər ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi enerji bazarında narahatlığı artırıb. Hürmüz boğazında enerji daşımalarına dair risklərin yüksəlməsi nəticəsində Brent markalı neftin bir barelinin qiyməti 90 ABŞ dollarını ötüb.

Analitiklərin fikrincə, neftin bahalaşması inflyasiya gözləntilərini gücləndirir və bu da mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək səviyyədə saxlaması ehtimalını artırır. Belə şəraitdə faiz gəliri gətirməyən qızılın investisiya cəlbediciliyi zəifləyir.

ABŞ Federal Ehtiyat Sisteminin Klivlend Federal Ehtiyat Bankının prezidenti Bet Hammak da inflyasiyanın nəzarətdə saxlanılması üçün faiz dərəcələrinin yenidən artırılmasının zəruri ola biləcəyini bildirib. Bu açıqlama bazarlarda növbəti FED iclası ilə bağlı sərt pul siyasəti gözləntilərini daha da gücləndirib.

"CME FedWatch" alətinin məlumatına əsasən, bazarlar dekabr ayında FED-in faiz dərəcəsini artıracağı ehtimalını 82 faiz səviyyəsində qiymətləndirir. Bir həftə əvvəl bu göstərici 73 faiz idi.

Bazar analitikləri hesab edirlər ki, qızılın qiymətində 3 886 ABŞ dolları səviyyəsi əsas texniki dəstək hesab olunur. Bu hədd aşağı istiqamətdə qırılacağı təqdirdə qiymətlərin 3 500 dollara qədər geriləməsi istisna edilmir.

Digər qiymətli metallara gəlincə, spot gümüşün qiyməti 1,9 faiz artaraq 56,95 dollara, platinin qiyməti 0,5 faiz yüksələrək 1 599,97 dollara çatıb. Palladium isə 0,2 faiz ucuzlaşaraq 1 244,50 dollar olub.

MONETAR.AZ