Fransanın aparıcı qara kürü istehsalçılarından biri olan "Caviar de Neuvic" istehsal güclərini genişləndirmək məqsədilə 11,6 milyon avro investisiya cəlb etdiyini açıqlayıb. Bu barədə "La Tribune" nəşri məlumat yayıb.
Dordon departamentində fəaliyyət göstərən şirkət Şərqi Pireney departamentində yerləşən iki balıqçılıq təsərrüfatını satın alıb. Yeni təsərrüfatların ümumi sahəsi 20 hektardır ki, bu da şirkətin Növikdəki əsas istehsal sahəsinin ölçüsünə yaxındır. Yeni nohurlara ümumi çəkisi 150 ton olan nərə balığı buraxılacaq.
Şirkət bildirir ki, bu investisiya Avropa bazarında Çin istehsalı olan məhsulların üstünlüyü fonunda istehsal həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
"Caviar de Neuvic"in məqsədi Fransa və Avropa bazarlarında artan tələbatı qarşılamaq, eyni zamanda Çin istehsalçılarının dominant mövqeyinə qarşı rəqabət qabiliyyətini gücləndirməkdir. Şirkət illik qara kürü istehsalını üç dəfə artıraraq 22 tona çatdırmağı planlaşdırır. Nərə balığının yetişdirilməsi uzunmüddətli proses olduğundan bu hədəfə təxminən yeddi il ərzində nail olunacağı gözlənilir.
Ötən il 56 əməkdaşı olan və 8 milyon avro dövriyyə əldə edən "Caviar de Neuvic" premium məhsulları üçün mənşəyi qorunan coğrafi göstərici (IGP) statusu alıb.
MONETAR.AZ