Qara dənizdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft terminalında dron hücumundan sonra yükləmə əməliyyatları yenidən dayandırılıb. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Qazaxıstanın əsas neft ixrac marşrutu olan terminal bazar günü axşam saatlarında fəaliyyətini qısa müddətə bərpa etsə də, bazar ertəsi səhər yeni hücum qeydə alınıb. CPC bildirib ki, dron 1 nömrəli yanalma körpüsündə neft yükləyən "Nelsa" tankerini hədəfə alıb.
Hadisədən sonra neft yüklənməsi tam dayandırılıb. Konsorsiumun açıqlamasına əsasən, tankerə dəyən zərbə nəticəsində baş verən yanğın bir neçə saat ərzində söndürülüb və neft sızmasının qarşısı alınıb. Şirkət hadisəni "terror hücumu" kimi qiymətləndirib.
Analitiklərin fikrincə, CPC terminalına qarşı hücumların davam etməsi Qazaxıstan neftinin ixracında daha uzunmüddətli fasilələr yarada bilər. Bu risk xüsusilə Yaxın Şərqdəki gərginlik səbəbindən Hörmüz boğazı vasitəsilə neft daşımalarının ciddi şəkildə məhdudlaşdığı bir dövrdə Avropa üçün əlavə təchizat problemləri yarada bilər.
CPC Qazaxıstan neftinin dünya bazarına çıxarıldığı əsas ixrac marşrutudur. Boru kəməri vasitəsilə "Chevron", "ExxonMobil" və "Shell" kimi beynəlxalq enerji şirkətlərinin iştirak etdiyi yataqlardan hasil olunan neft nəql edilir. Kəmərlə müəyyən həcmdə Rusiya nefti də daşınsa da, CPC beynəlxalq enerji sanksiyalarına daxil deyil və bu marşrutdan istifadə edən tankerlər Rusiyanın "kölgə donanması"nın tərkib hissəsi hesab olunmur.
MONETAR.AZ