Noyabrın 6-da Azərbaycanda Televiziya və Radio Günü qeyd olunur. Ölkədə radio yayımının əsası 1926-cı ildə qoyulub, ilk televiziya yayımı isə 1956-cı ildə həyata keçirilib. Ötən dövrdə teleradio sahəsi texnoloji dəyişikliklər nəticəsində analoq yayımından rəqəmsal sistemlərə keçib.
Monetar.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk radio verilişlərinin yayımına başlanılıb. Həmin gün Bakı küçə və meydanlarında quraşdırılmış reproduktorlardan ilk dəfə "Danışır Bakı" sözləri səsləndirilib.
Televiziya yayımı isə 1956-cı il fevralın 14-də başlayıb. Bakı Televiziya Studiyasının ilk efirində Nəcibə Məlikova çıxış edərək "Göstərir Bakı" sözləri ilə tamaşaçıları salamlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi də nümayiş etdirilib.
Televiziya yayımında əsas dəyişikliklər
Azərbaycanda ilk televiziya qülləsi 1956-cı ildə Bakıda inşa edilib. Hündürlüyü 180 metr olan qüllə vasitəsilə ağ-qara televiziya yayımı həyata keçirilib.
1957-ci il iyunun 28-də respublika stadionundan ilk dəfə səyyar televiziya vasitəsilə canlı yayım təşkil olunub. Sonrakı illərdə televiziya infrastrukturu regionları da əhatə edib. 1961-ci ildə Gəncə, Göyçay və Şuşada, 1962-ci ildə isə Naxçıvanda televiziya stansiyaları istifadəyə verilib.
1967-ci ildən Azərbaycanda ağ-qara yayım tədricən rəngli televiziya yayımı ilə əvəzlənib. Daha sonra yayım texnologiyalarında növbəti mərhələyə keçid baş verib.
2016-cı il dekabrın 20-də ölkə ərazisində analoq televiziya yayımı tam dayandırılıb və rəqəmsal yayıma keçid başa çatdırılıb. Bu dəyişiklik televiziya proqramlarının daha yüksək keyfiyyətdə izlənilməsinə və efir tezliklərindən daha səmərəli istifadəyə imkan yaradıb.
Radio yayımında rəqəmsallaşma
Radio yayımı sahəsində də texnoloji yeniliklər tətbiq edilib. 1997-ci ildə "I Respublika" və "Araz" radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanmağa başlayıb.
Hazırda ölkə ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.
2019-cu ilin avqustundan isə Bakı və Abşeron yarımadasında DAB+ standartı ilə rəqəmsal radio yayımının test rejimində həyata keçirilməsinə başlanılıb. Hazırda 218,6 MHs tezliyində bir paket vasitəsilə 12 radio proqramı rəqəmsal formatda qəbul etmək mümkündür.
Yayım infrastrukturu Qarabağda da bərpa edilib
2020-ci il dekabrın 31-dən etibarən Şuşa və Xankəndi şəhərlərində, həmçinin Xocalı, Ağdam, Bərdə rayonlarında və ətraf yaşayış məntəqələrində radio-televiziya yayımı bərpa olunub.
Şuşa Radio-Televiziya Yayım Stansiyasında rəqəmsal televiziya avadanlıqları quraşdırılıb və 10 televiziya kanalının peykdən qəbulu üçün müvafiq infrastruktur yaradılıb.
Hazırda AzTV, "Mədəniyyət", "İdman Azərbaycan", "İctimai", "CBC", "CBC Sport", "Real", "Xəzər", "Azad Azərbaycan" və "ARB-24" telekanallarının yayımı həmin əraziləri əhatə edir.
Bundan başqa, "Azərbaycan" və "İctimai FM" radioları Şuşa, Xankəndi, Mingəçevir və Yevlax şəhərlərində, eləcə də bir sıra rayonlarda yayımlanır.
Beləliklə, Azərbaycanda radio yayımının başlanmasından bir əsr sonra teleradio sahəsi rəqəmsal texnologiyaların tətbiqi, yayım şəbəkəsinin genişlənməsi və regional əhatənin artırılması istiqamətində inkişafını davam etdirir.