Bakı metropoliteninin fəaliyyətə başlamasından 59 il ötür. 1967-ci il noyabrın 6-da 5 stansiya ilə sərnişinlərin istifadəsinə verilən metro ötən müddətdə yeni xətlər, stansiyalar və müasir vaqonlarla genişlənib. Sonrakı illərdə sistemin həm infrastrukturu, həm də texniki imkanları yenilənib.
Monetar.az xəbər verir ki, Bakı metrosunun ilk buraxılış sahəsinin uzunluğu 10,1 kilometr olub. Həmin sahəyə indiki "İçərişəhər", "Sahil", "28 May", "Gənclik" və "Nərimanov" stansiyaları daxil idi. "Xətai" stansiyası isə 1968-ci il fevralın 22-də istifadəyə verilib.
Metronun inkişafında növbəti mühüm mərhələ 1972-ci il noyabrın 6-da baş verib. Həmin gün "Məşədi Əzizbəyov" (indiki "Koroğlu"), "Avrora" (indiki "Qara Qarayev") və "Neftçilər" stansiyaları sərnişinlərin istifadəsinə verilib. Bununla metro xətləri "8-ci kilometr" yaşayış massivinə qədər uzadılıb.
Sonrakı illərdə şəbəkənin genişləndirilməsi davam edib. 2008-2011-ci illərdə "Nəsimi", "Azadlıq prospekti" və "Dərnəgül" stansiyaları istifadəyə verilib.
2016-cı il aprelin 19-da isə yeni xəttin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi" açılıb. Daha sonra 2021-ci il mayın 29-da "8 Noyabr", 2022-ci il dekabrın 23-də isə "Xocəsən" stansiyası və eyniadlı depo fəaliyyətə başlayıb.
Noyabrın 6-sı eyni zamanda Bakı metrosu işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu tarix 1967-ci il noyabrın 6-da metropolitenin ilk 5 stansiyasının istifadəyə verilməsi ilə əlamətdardır. Peşə bayramı metro inşaatçılarının, maşinistlərin, mühəndislərin və gündəlik istismarı təmin edən digər əməkdaşların fəaliyyətinə diqqət çəkmək baxımından xüsusi əhəmiyyət daşıyır.