İyulun 13-14-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu keçiriləcək.
Monetar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, artıq nüfuzlu beynəlxalq platformaya çevrilən forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Tədbirdə 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu, eləcə də 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri təmsil olunacaqlar.
Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika mövzularında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar keçiriləcək.
Tədbirin əsas məqsədi mediada məsuliyyətli davranışın təşviqi, cəmiyyətlər arasında etimadın bərpasına, rəqəmsal həmrəyliyin gücləndirilməsinə və sülhün möhkəmləndirilməsinə töhfə verməkdir.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumu ilk dəfə 2022-ci ildə Beynəlxalq Media Forumu kimi təşkil olunub. Sonrakı illərdə forum dezinformasiya ilə mübarizə, yeni media və süni intellekt dövründə informasiya dayanıqlılığı kimi aktual mövzulara həsr edilib.
İndiyədək keçirilən forumlarda 81 ölkədən 600-ə yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib. Tədbir qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi fəaliyyətini davam etdirir.