Azərbaycanın əsas ixrac marşrutu olan Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəmərinin istismara verilməsinin 20 illiyi tamam olur. Kəmər istifadəyə verildiyi vaxtdan 2026-cı ilin iyunun sonunadək dünya bazarlarına 630 milyon ton, yaxud 4,7 milyard bareldən çox xam neft nəql edib.
Monetar.az xəbər verir ki, BTC-nin rəsmi açılış mərasimi 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında keçirilib. Ötən müddətdə kəmərlə nəql olunan neft 6 271 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Uzunluğu 1 768 kilometr olan Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri Azərbaycanın neft strategiyasının ən mühüm layihələrindən biri hesab olunur. Layihənin ideya müəllifi Ümummilli Lider Heydər Əliyev olub. Onun təşəbbüsü ilə formalaşdırılan yeni neft strategiyası Azərbaycanın enerji resurslarının şaxələndirilmiş marşrutlarla dünya bazarına çıxışını təmin edib.
BTC marşrutu üzrə siyasi qərar 1998-ci ildə qəbul olunub, layihənin hüquqi bazası isə 1999-cu ildə İstanbulda imzalanmış hökumətlərarası sazişlə yaradılıb. Boru kəmərinin təməli 2002-ci ildə Bakıda qoyulub, tikintisinə isə 2003-cü ildə başlanılıb.
Kəmərlə ilk neft 2006-cı ilin mayında Ceyhan terminalına çatdırılıb, həmin ilin iyulun 13-də isə layihənin rəsmi açılışı keçirilib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, BTC Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, neft ixracının artmasına, Dövlət Neft Fondunun gəlirlərinin yüksəlməsinə və ölkənin beynəlxalq enerji bazarındakı mövqeyinin güclənməsinə mühüm töhfə verib.
Hazırda Bakı–Tbilisi–Ceyhan boru kəməri Azərbaycanla yanaşı, region ölkələrinin enerji təhlükəsizliyində də mühüm rol oynayan strateji enerji dəhlizlərindən biri kimi fəaliyyətini davam etdirir.