Çin hökuməti ölkənin bəzi iri neft emalı zavodlarına (NEZ) yanacaq istehsalını yüksək səviyyədə saxlamaq tapşırığı verib. Məqsəd Fars körfəzində gərginliyin yenidən artması fonunda daxili bazarın yanacaqla etibarlı təmin olunmasını qorumaqdır.
Monetar.az xəbər verir ki, münaqişənin ilkin mərhələsində Çin daxili tələbatı təmin etmək məqsədilə benzin, dizel və aviasiya yanacağının ixracını məhdudlaşdırmışdı. Daha sonra isə vəziyyətin nisbətən sabitləşməsi ilə əlavə ixrac kvotaları ayrılmışdı.
Lakin regionda zorakılığın yenidən alovlanması, eləcə də ABŞ-ın İran neftinin satışına imkan verən icazəni ləğv etməsi Pekində xam neft və yanacaq tədarükü ilə bağlı narahatlıqları artırıb. Bildirilir ki, bu səbəbdən ən azı iki iri neft emalı müəssisəsinə istehsal gücünü qorumaq və ya artırmaq göstərişi verilib.
Qeyd olunur ki, Çində benzin və dizel ehtiyatları yüksək səviyyədə olsa da, hökumət mümkün tədarük risklərini nəzərə alaraq istehsalın azaldılmasını məqsədəuyğun hesab etmir.
Mütəxəssislərin fikrincə, emal həcmlərinin artırılması Asiya bazarında neft emalı marjasına əlavə təzyiq göstərə bilər. Belə ki, benzin qiymətləri ilə Dubay markalı neft arasındakı fərq artıq mart ayının sonundan bəri ən aşağı səviyyəyə enib.
Çinin Dövlət İnkişaf və İslahat Komitəsi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.