Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, dünya əhalisinin artım tempi son onilliklərdə davamlı şəkildə zəifləyir və əsrin sonlarına doğru qlobal əhali azalma mərhələsinə keçəcək.
Monetar.az xəbər verir ki, dünya əhalisi 2061-ci ildə 10 milyard nəfəri ötəcək. Əhalinin sayı 2084-cü ildə təxminən 10,3 milyard nəfərlə maksimum həddə çatdıqdan sonra tədricən azalmağa başlayacaq.
BMT qeyd edir ki, doğum səviyyəsi gözləniləndən daha sürətlə azalarsa, qlobal əhali artımı artıq 2060-cı illərin əvvəllərində dayanacaq. Bu halda Yer kürəsində əhalinin sayı 10 milyard nəfərə çatmadan pik həddə yüksələcək və əsrin sonunda yenidən təxminən 9 milyard nəfərə enəcək.
Bəzi tədqiqatçılar isə daha sürətli azalma ssenarisini mümkün hesab edirlər. "The Lancet" jurnalında dərc olunmuş araşdırmaya görə, 2100-cü ildə dünya əhalisi 8,8 milyard nəfər ola bilər. Sürətli sosial-iqtisadi inkişaf ssenarisində isə bu göstəricinin 6,3 milyard nəfərə qədər enəcəyi istisna edilmir.
BMT-nin məlumatına əsasən, dünya əhalisi 15 noyabr 2022-ci ildə ilk dəfə 8 milyard nəfəri ötüb. Bu göstərici 1950-ci illə müqayisədə üç dəfədən çox artım deməkdir.
Mütəxəssislər bildirirlər ki, ötən əsrdə əhali artımının əsas səbəbləri səhiyyənin inkişafı, qidalanma və sanitariya şəraitinin yaxşılaşması nəticəsində ömür uzunluğunun artması, eləcə də bəzi ölkələrdə yüksək doğum səviyyəsinin uzun müddət qorunub saxlanılması olub.
Hazırda dünya əhalisinin artımına ən böyük töhfəni Hindistan verir. Ən yüksək doğum göstəriciləri isə Mərkəzi Afrika Respublikası, Çad və Somali kimi Afrika ölkələrində qeydə alınır.
Əksinə, əhalisi ən sürətlə azalan ölkələr əsasən Şərqi və Cənub-Şərqi Avropada yerləşir. Ekspertlər bunu aşağı doğum səviyyəsi, əhalinin yaşlanması və Qərbi Avropaya miqrasiyanın yüksək olması ilə əlaqələndirirlər.