İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, epizootoloji vəziyyətin qiymətləndirilməsi və bioloji təhlükəsizliyin təmin edilməsi məqsədilə monitorinqlər aparılacaq.
Monetar.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına və 2026-cı il üzrə epizootiya əleyhinə Tədbirlər Planına uyğun olaraq 13–17 və 20–24 iyul tarixlərində keçiriləcək.
Tədbirlər çərçivəsində fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlara klinik baxış keçiriləcək, laborator müayinələr üçün müxtəlif yaş qruplarına aid, son dörd ay ərzində bruselyoza qarşı peyvənd olunmamış heyvanlardan diaqnostik nümunələr götürüləcək. Həmçinin atlardan və arı ailələrindən də müvafiq nümunələr alınacaq.
Monitorinqlər zamanı təsərrüfatlarda baytarlıq norma və qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə işi aparılacaq, epizootoloji vəziyyətə dair məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlərdə AQTA, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi, eləcə də işğaldan azad edilmiş rayonların baytarlıq xidmətlərinin mütəxəssisləri iştirak edəcəklər.
Toplanmış diaqnostik nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq, əldə edilən nəticələr isə "Epicollect 5" proqramına daxil ediləcək.
AQTA-nın məlumatına görə həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə müasir baytarlıq xidmətlərinin təşkili, xəstəliklərdən azad zonaların yaradılması və heyvandarlığın inkişafına mühüm töhfə verəcək.