Bu həftə qlobal maliyyə bazarlarının diqqəti ABŞ-də inflyasiya göstəricilərinə, iri bankların maliyyə hesabatlarına, Çin iqtisadiyyatına dair əsas statistik məlumatlara və Yaxın Şərqdəki geosiyasi vəziyyətə yönələcək.
Monetar.az xəbər verir ki, ABŞ-İran arasında yenidən artan gərginlik qlobal neft tədarükü ilə bağlı narahatlıqları gündəmdə saxlayır.
ABŞ-da həftənin əsas hadisələrindən biri Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Warshın Konqresdə çıxışı olacaq. Bazar iştirakçıları onun sentyabr ayında faiz dərəcələri ilə bağlı mümkün qərarlara dair siqnallarını diqqətlə izləyəcəklər.
Maliyyə hesabatları mövsümü də bu həftə başlayır. JPMorgan Chase, Bank of America, Citigroup, Goldman Sachs və Wells Fargo ilk olaraq ikinci rübün nəticələrini açıqlayacaqlar. Həftənin davamında isə BlackRock, Johnson & Johnson, Morgan Stanley, UnitedHealth Group və Netflix maliyyə göstəricilərini təqdim edəcəklər.
Makroiqtisadi gündəmdə ABŞ-ın iyun ayı üzrə istehlak qiymətləri indeksi (CPI), pərakəndə satışlar, sənaye istehsalı, Miçiqan Universitetinin istehlakçı etimadı indeksi və mənzil bazarına dair statistikalar əsas diqqət mərkəzində olacaq.
Avropada investorlar Böyük Britaniyanın may ayı üzrə ÜDM göstəricisini izləyəcəklər. Proqnozlara görə, ölkə iqtisadiyyatı aprel ayında qeydə alınan azalmadan sonra mayda aylıq ifadədə 0,1 faiz artım göstərəcək. Avrozonada isə iyun ayı üzrə yekun inflyasiya göstəriciləri açıqlanacaq.
Asiya-Sakit okean regionunda əsas diqqət Çinə yönələcək. İkinci rüb üzrə ÜDM artım tempinin 5 faizdən 4,4 faizə enəcəyi gözlənilir. Bununla yanaşı, ölkədə sənaye istehsalı, pərakəndə satışlar, xarici ticarət, kreditləşmə və pul kütləsinə dair mühüm göstəricilər də açıqlanacaq.
Yaponiyada maşın sifarişləri və sənaye istehsalı, Hindistanda inflyasiya və xarici ticarət, Cənubi Koreyada faiz qərarı və əmək bazarı statistikası, Sinqapurda isə ikinci rüb üzrə ilkin ÜDM göstəriciləri investorların diqqətində olacaq.
Analitiklərin fikrincə, açıqlanacaq makroiqtisadi göstəricilər və korporativ hesabatlar qlobal maliyyə bazarlarında risk iştahı və mərkəzi bankların növbəti addımları ilə bağlı gözləntilərə mühüm təsir göstərə bilər.