Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketindən imtina edə bilər

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırlanan 21-ci sanksiyalar paketinin qəbulunda yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün bir neçə alternativ ssenarini nəzərdən keçirir. "Bloomberg" agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, Brüsseldə həm paketin məzmunu, həm də onun tətbiq mexanizmləri üzrə kompromis variantları müzakirə olunur.

Danışıqlar ötən həftə Yunanıstanın Avropa şirkətlərinin Rusiya mənşəli mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə aşırılması (transshipment) əməliyyatlarına məhdudiyyət qoyulmasına etirazını geri çəkməməsindən sonra dalana dirənib.

Mənbələrin bildirdiyinə görə, Aİ daxilində nəzərdən keçirilən əsas variantlar arasında məhdudiyyətlərin tətbiqindən əvvəl 24 aylıq keçid dövrünün müəyyənləşdirilməsi, sözügedən tədbirdən tamamilə imtina olunması və ya bütövlükdə 21-ci sanksiyalar paketinin gündəlikdən çıxarılması yer alır. Eyni zamanda, kompromis həlli kimi mövcud LNG müqavilələrinin icra müddətinin uzadılması da müzakirə edilir.

Bununla yanaşı, digər müddəalar üzrə razılıq əldə olunmasa belə, Rusiya xam neftinə tətbiq edilən tavan qiymət (price cap) mexanizminin hazırkı səviyyədə dondurulmasının müddətinin uzadılması da mümkün variantlardan biri hesab olunur.

Ötən həftə Aİ üzv ölkələri daha geniş razılaşma əldə edə bilmədiklərindən, Rusiya neftinə tətbiq olunan tavan qiymətin iyulun 23-dək bir barel üçün 44,10 dollar səviyyəsində saxlanılması barədə müvəqqəti qərar qəbul ediblər. Əvvəlki planlara əsasən, bu hədd qlobal neft qiymətlərindəki dəyişikliklərə uyğun yenilənməli idi. Lakin belə bir addım Ukraynanın müttəfiqlərinin Moskvanın enerji gəlirlərini məhdudlaşdırmaq üçün istifadə etdiyi əsas iqtisadi alətin təsirini zəiflədə bilərdi.

Müvəqqəti uzadılmanın məqsədi Aİ-yə neft üçün tavan qiymətin daha uzunmüddətli əsasda dondurulmasını da əhatə edən kompromis paketini formalaşdırmaq üçün əlavə vaxt qazandırmaqdır.

Diplomatik mənbələrin sözlərinə görə, üzv dövlətlər arasında danışıqlar kifayət qədər mürəkkəb keçir. Ayrı-ayrı ölkələr həm milli enerji və nəqliyyat maraqlarını qorumağa, həm də sanksiyalar paketinin yekun məzmununa təsir göstərməyə çalışdıqları üçün kompromisə nail olmaq hələ də asan görünmür.

MONETAR.AZ