İsveçin yük avtomobili istehsalçısı "Volvo Group AB" 2026-cı ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət ABŞ-ın tətbiq etdiyi rüsumların yaratdığı əlavə xərclərə baxmayaraq, Avropa və Şimali Amerikada yük avtomobillərinə tələbin güclənməsi, eləcə də servis xidmətlərindən əldə olunan gəlirlərin artması hesabına mənfəətini yüksəltməyə nail olub.
Şirkətin açıqladığı hesabata əsasən, düzəliş edilmiş əməliyyat mənfəəti ötən ilin eyni dövründəki 13,48 milyard İsveç kronundan 14,78 milyard İsveç kronuna (təxminən 1.53 milyard dollara) yüksəlib. Düzəliş edilmiş əməliyyat marjası isə 11%-dən 11,7%-ə çatıb.
Rüb ərzində xalis satış gəliri illik müqayisədə 3% artaraq 126,27 milyard İsveç kronu təşkil edib. Orqanik satış artımı 7% olub. Nəqliyyat vasitələrinin satışında 6%, servis xidmətləri üzrə gəlirlərdə isə 7% artım qeydə alınıb ki, bu da şirkətin gəlir strukturunun daha dayanıqlı olduğunu göstərir.
"Volvo Group"un prezidenti və baş icraçı direktoru Martin Lundstedt bildirib ki, əldə olunan nəticələr ABŞ rüsumlarının, həmçinin fraxt və xammal xərclərinin artmasına baxmayaraq mümkün olub. Onun sözlərinə görə, bu mənfi təsirlər servis biznesinin genişlənməsi, əlverişli məhsul və bazar strukturu, eləcə də tədqiqat və inkişaf (R&D) xərclərinin optimallaşdırılması hesabına tam kompensasiya edilib.
Şirkətin yük avtomobilləri üzrə sifariş portfeli də əhəmiyyətli dərəcədə genişlənib. Xalis sifarişlərin sayı illik müqayisədə 33% artaraq 63 412 ədədə yüksəlib. Şimali Amerikada sifarişlər iki dəfədən çox artdığı halda, Avropa və Cənubi Amerikada da tələbdə müsbət dinamika müşahidə olunub. Rüb ərzində yük avtomobillərinin faktiki çatdırılmaları isə 6% artıb.
ABŞ rüsumlarının şirkətə birbaşa maliyyə təsiri ikinci rübdə 1,2 milyard İsveç kronu təşkil edib. Bu məbləğin yarıdan çoxu tikinti texnikası seqmentinin payına düşüb. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici cəmi 0,2 milyard İsveç kronu idi.
Düzəliş edilməmiş əməliyyat mənfəəti 13,48 milyard İsveç kronuna yüksələrək ötən ilin analoji dövründə qeydə alınan 9,96 milyard İsveç kronunu əhəmiyyətli dərəcədə üstələyib. Əməliyyat marjası da 8,1%-dən 10,7%-ə yüksəlib.
Şirkət qeyd edib ki, düzəliş edilmiş maliyyə nəticələrinə ümumi həcmi 1,31 milyard İsveç kronu olan birdəfəlik xərclər daxil edilməyib. Bunların əsas hissəsini "Volvo Group North America" ilə Kaliforniya Hava Resursları Şurası arasında hüquqi mübahisənin nizamlanması nəticəsində yaranmış 1,83 milyard İsveç kronu məbləğində mənfi təsir təşkil edib. Bu təsir "Flexis" birgə müəssisəsindəki payın satışından əldə olunan 405 milyon İsveç kronu gəlir və Avropa avtobus bölməsi üzrə əvvəlki restrukturizasiya xərclərinin geri qaytarılması hesabına əldə edilən 119 milyon İsveç kronu həcmində müsbət effektlə qismən kompensasiya olunub.
Rübün yekununda səhm başına mənfəət 3,64 İsveç kronundan 5,10 İsveç kronuna yüksəlib. Sənaye əməliyyatları üzrə əməliyyat pul axını isə əməliyyat mənfəətinin artması və dövriyyə kapitalına tələbatın azalması nəticəsində 2,95 milyard İsveç kronundan 5,84 milyard İsveç kronuna çatıb. Bu göstəriciyə ödənilmiş mənfəət vergisinin artımı qismən mənfi təsir göstərsə də, ümumi maliyyə nəticələrini zəiflədə bilməyib.
MONETAR.AZ