Fransa hökuməti 2027-ci il üçün dövlət büdcəsində sərt qənaət siyasətinə keçməyə hazırlaşır. Müdafiə xərcləri və dövlət borcuna xidmət üzrə ödənişlərin sürətlə artması fonunda hökumət əksər sahələr üzrə büdcə artımlarını inflyasiya səviyyəsindən aşağı saxlamağı hədəfləyir.
Fransa Maliyyə Nazirliyinin açıqladığı plana əsasən, gələn il dövlətin və dövlət qurumlarının ümumi xərcləri 708,4 milyard avroya (812,2 milyard ABŞ dolları) çatacaq. Nazirlərə tapşırılıb ki, idarə etdikləri qurumların büdcə artımını mümkün qədər məhdudlaşdırsınlar.
Bununla yanaşı, dövlət borcuna xidmət xərclərinin 2026-cı ildəki 64,8 milyard avrodan 2027-ci ildə 74,2 milyard avroya yüksələcəyi proqnozlaşdırılır. Müdafiə büdcəsi isə ölkənin hərbi planlaşdırma qanununa uyğun olaraq əlavə 6,4 milyard avro artırılacaq.
Bu artımlar fonunda müdafiə sahəsinə aid olmayan nazirliklərin ümumi büdcəsinə cəmi 1,5 milyard avroluq əlavə vəsait ayrılması nəzərdə tutulur. Hökumət bununla 2025-ci ildə ÜDM-in 5,1%-nə çatan büdcə kəsirini və ÜDM-in 115,9%-i səviyyəsinə yüksələn dövlət borcunu tədricən azaltmağı qarşıya məqsəd qoyub.
Büdcə naziri David Amiel bildirib ki, qəbul edilən qənaət tədbirləri hökumət üçün ciddi sınaq olacaq. Onun sözlərinə görə, əlavə maliyyə intizamı tətbiq edilməzsə, 2027-ci ildə büdcə kəsiri idarəolunmaz həddə çata bilər.
Yeni büdcə çərçivəsində ekologiya, təhsil, təhlükəsizlik və ədliyyə sahələrinə ayrılan vəsaitdə məhdud artım nəzərdə tutulur. Əvəzində məşğulluq siyasətinə yönəldilən xərclər 2,8 milyard avro azaldılacaq, beynəlxalq inkişaf yardımları üzrə maliyyələşdirmə də ixtisar ediləcək.
Nazirlik qeyd edib ki, büdcə layihəsi oktyabr ayında parlamentə təqdim edilməzdən əvvəl yerli idarəetmə orqanlarından da qənaət tədbirlərinə qoşulmaları tələb olunacaq.
Bununla belə, sosial təminat sistemi dövlət maliyyəsi üçün əsas yük olaraq qalır. Rəsmi proqnozlara görə, qənaət tədbirlərinə baxmayaraq, sosial təminat xərcləri 2027-ci ildə daha 17 milyard avro artaraq 838,3 milyard avroya çatacaq və inflyasiyanı üstələyəcək.
Müəyyən edilən yeni xərc limitlərinin 2027-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində parlamentdə geniş siyasi müzakirələrə səbəb olacağı gözlənilir. Hökumət isə büdcə intizamını qorumaqla dövlət maliyyəsinin dayanıqlığını bərpa etməyə çalışır.
MONETAR.AZ